Güləşin qaydalarında dəyişiklik edilib

Güləşin qaydalarında dəyişiklik edilib

Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən güləş idman növünün qaydalarına yeni dəyişikliklər və əlavələr edilib. FİLA tərəfindən bugünlərdə başa çatan Tələbələrin 27-ci Yay Universiadasında güləş yarışları, eləcə də yeniyetmələrin və gənclərin Avropa çempionatları məhz yeni qaydalar əsasında həyata keçirilib.
Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən olimpnews.az saytına daxil olan xəbərə görə, güləş idman növünün qaydalarına edilən əlavə və dəyişikliklər barədə məşqçi müəllimləri müfəssəl məlumatlandırmaq məqsədilə AGF Hakimlər Kollegiyası tərəfindən paytaxtda və bölgələrdə seminarlar təşkil olunacaq. Seminar zamanı məşqçi müəllimlərə yeni qaydalarla bağlı məlumat veriləcək, eləcə də son keçirilən yarışlardan videogörüntülər təqdim olunacaq. Seminarda yeniyetmə güləşçilərin hazırlığı üçün müasir məşq metodları barədə nəzəri və praktiki biliklər veriləcək. AGF Hakimlər Kollegiyasının üzvləri və federasiya rəsmiləri seminar iştirakçılarını maraqlandıran suallara cavab verəcəklər.
Qeyd edək ki, ilk seminar Bakıda reallaşıb. Bakı və Bakı ətrafı rayonlarla yanaşı, Naxçıvanda fəaliyyət göstərən sərbəst və yunan-Roma güləşi üzrə məşqçi müəllimlərin iştirak edəcəyi seminar iyulun 19-da Olimpiya Güləş Mərkəzində (Excelsior otelin yanı) təşkil edilib. İyulun 22-də İsmayıllı Olimpiya Kompleksində keçiriləcək seminarda AGF-nin 2, 3, 5, 6 və 7 saylı nümayəndəliklərində fəaliyyət göstərən məşqçi müəllimlər iştirak edəcəklər. AGF-nin 4 saylı nümayəndəliyində fəaliyyət göstərən məşqçi müəllimlər üçün təşkil olunacaq seminar isə iyulun 23-də Sabirabad Olimpiya İdman Kompleksində baş tutacaq.
Seminarlar Bakıda saat 11.00-da, İsmayıllı və Sabirabadda isə saat 12.00-da başlayacaq.


olimpnews.az