Ramil Quliyev ağciyərlərində virus tapılmasından danışdı - VİDEO

Ramil Quliyev ağciyərlərində virus tapılmasından danışdı - VİDEO

 

"Günümü təyyarədə, hotellərdə, bağlı məkanlarda keçirdiyim üçün virusa yoluxdum. Onda mənə antibiotik verdilər. Çətin dövr keçirdim"

Bu sözləri atletikanın qaçış növü üzrə dünya və Avropa çempionu olan həmyerlimiz Ramil Quliyev deyib.
Türkiyə millisi adından çıxış edən Ramil Quliyev “Evdə qal, idmansız qalma” verilişində ötən il Çindəki yarışdan qayıtdıqdan sonra ağciyərlərində virusun tapılmasından danışıb:
“Ötən il çox yarışlara çıxdım. Bizim turnirlərin arasında fasilə az olur. Üç gün bir yerdə qalıb, başqa şəhərə gedirik. Günümü təyyarədə, hotellərdə, bağlı məkanlarda keçirdiyim üçün virusa yoluxdum. Onda mənə antibiotik verdilər. Çətin dövr keçirdim. Mövsümə yenidən başlamaq lazım gəlirdi. Bir ay ərzində iki təlim-məşq toplanışında oldum. Əlimdən gələni etdim ki, əvvəlki formama qayıdım”.
Azərbaycan millisinin sabiq üzvü olan R.Quliyev dilimizdə çətinliklə danışmasına da aydınlıq gətirib: “Bəlkə də, il ərzində toplasaq, cəmi bir ay evdə ola bilirəm. Həmişə milli komanda ilə birgə təlim-məşq toplanışında və yarışlardayam. Hər yerdə türkcə danışıram. Bundan əlavə Azərbaycandan ayrılmağımdan da 10 il keçdiyi üçün öz dilimizi bir az unutmuşam. Amma təcrübə lazımdır. Kiminləsə bir ay mütəmadi danışsam, Azərbaycan dilinə daha yaxşı danışa bilərəm”.

Antalyada avqust ayında Fransanın paytaxtı Parisdə keçirilməsi nəzərdə tutulmuş Avropa çempionatına hazırlaşan Ramil Quliyev Türkiyədə hansı şəraitdə məşq etməsindən və pəhriz saxlamasından da danışıb:
“Türkiyədə şənbə və bazar günləri karantin olur. Heç kim evdən çölə çıxa bilməz. Kimsə polis tərəfindən saxlanılsa, üç min lirə, bizim pulla 700-800 manatlıq cərimə ödəməlidir.​ İndi Türkiyədə bütün idman qurğuları bağlıdır.
Yalnız restoranlar sifariş çatdırmaq şərtilə işləyir. Antalyada meşə kimi park var. Orada qaçırıq. Normalda polis bizi tutsa, cərimələməlidir. Amma milli üzvləri olduğumuz üçün bizə güzəşt olunur.
İndi çox idman etmirik deyə, pəhrizə fikir veririk. Əks halda, çəkimiz çox olar. Adi vaxtlarda idman da edirdik deyə, yeməyimizə fikir vermirdik. Çünki idmanla çəkini aşağı salmaq olurdu. İndi isə yemək porsiyamızı yarıya endirmişik. Şokolad və çipsi yemirik. Bu xəstəlikdə bəzən simptomlar görünmür, sağlam kimi görünürsən. Amma çölə çıxmaqla bu xəstəliyi digərlərinə də yaya bilərsən. Ona görə də, hökumətlər əhalini evdə qalmağa səsləyir”.