Gənclər və İdman Nazirliyində jurnalistlərlə görüş keçirildi

Gənclər və İdman Nazirliyində jurnalistlərlə görüş keçirildi

İyulun 22-də Gənclər və İdman Nazirliyində 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüş keçirildi. Tədbirdə gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov, gənclər və idman sahəsində çalışan kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxışında ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışdı. Ölkəmizdə gənclər və idman sahəsində mətbuatın rolundan söz açan İsmayıl İsmayılov bu sahədə əldə olunan uğurların xalqa çatdırılmasında, kütləviliyin artırılmasında KİV-lərin xüsusi əhəmiyyətə malik olduğunu bildirdi. Azərbaycan idmançılarının uğurlarının günü-gündən artdığını deyən nazir müavini bugünlərdə Kazanda keçirilən Tələbələrin Yay Universiadasında Azərbaycan komandasının 16 medal qazanmasını böyük uğur kimi qiymətləndirdi: "Komandamız Universiada yarışlarında 162 ölkə arasında 4 qızıl, 5 gümüş, 7 bürünc medalla 15-ci yerdə qərarlaşıb. Yığma komandamız müsəlman ölkələri arasında 1-ci, Avropada 9-cu, MBD ölkələri arasında 5-ci olub. Bu, yüksək göstəricidir və bu uğur bir daha sübut edir ki, ölkəmizdə idman yüksək sürətlə inkişaf edir”. İsmayıl İsmayılov çıxışının sonunda çətin və şərəfli işdə jurnalistlərə uğurlar arzuladı.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd etdi ki, qazanılan uğurların mətbuat sahəsində işıqlandırılması idmançı və gəncləri daha da həvəsləndirir, onları daha da böyük uğurlar qazanmağa sövq edir. Jurnalistlərin bu sahədəki işini yüksək qiymətləndirən İntiqam müəllim uğurların qazanılmasında mətbuatın əhəmiyyətindən danışdı. O, ölkəmizdə, digər sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də kifayət qədər uğurların əldə olunduğunu bildirdi. İntiqam Babayev qeyd etdi ki, bu gün Azərbaycanda gənclər və idman sahəsində görülən işlər Avropaya nümunə kimi göstərilir. "Respublikamızda gənclər və idman sahəsində aparılan dövlət siyasəti müxtəlif ölkələrin rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Sirr deyil ki, görülən bütün işlər KİV-lərin düzgün işi sayəsində xalqımıza çatdırılır. Ümidvaram ki, bundan sonra da sıx əməkdaşlıq edəcəyik. Milli Mətbuat Günü vasitəsi ilə bütün jurnalistləri təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayıram”, - deyə o bildirdi.
Tədbirin sonunda jurnalistlər gənclər və idman nazirliyinin Fəxri fərmanları və hədiyyələrlə təltif olundular. Qeyd edək ki, "Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev və "Olimpə doğru” jurnalının redaktoru Aysel Sultanovaya da gənclər və idman nazirliyinin fəxri diplomları təqdim olundu.