Samir Abdullayev: “Karantin rejimində​ idmançılarımız fiziki hazırlıqlarına riayət etməyə çalışırlar”

Samir Abdullayev: “Karantin rejimində​ idmançılarımız fiziki hazırlıqlarına riayət etməyə çalışırlar”

 

“Digər federasiyalar kimi, Azərbaycan Sumo Federasiyasının üzvləri və idmançıları da karantin rejiminə əməl edirlər. Zallarımız bağlı olduğuna görə idmançılarımız məşqlərini ev şəraitində keçirlər”.

Bu sözləri​ olimpiyadunyasi.com​ və ​ olimpnews.az​ saytına açıqlamasında Avropa Sumo Federasiyasının vitse-prezidenti, Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev bildirib. ​ ​

“İdmançılarımızın fiziki hazırlığı bizim üçün çox vacibdir. İstəmirik ki, illərlə qazanılan əziyyət bir-iki ay ərzində hədər getsin. İdmançılarımız da karantin rejimi olmasına baxmayaraq, qida rasionlarına və fiziki hazırlıqlarına riayət etməyə çalışırlar. Düzdür, sparinq məşqlər olmasa da, ev şəraitində məşq edərək formalarını qorumağa çalışırlar. Bir sözlə, idmansız qalmırlar. İnanıram ki, koronavirus pandemiyası tez bir zamanda bitəcək və həyat yenidən öz axarına düşəcək”, - deyə Samir Abdullayev qeyd edib. ​

Federasiya rəhbəri aprel ayında Bakıda keçirilməsi planlaşdırılan Avropa çempionatının da təxirə salındığını bildirib.

“Aprel ayında paytaxtımızda sumo üzrə Avropa çempionatı keçirilməli idi. Biz bu yarışa çox ciddi hazırlaşmışdıq. Lakin mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, bir sıra idman yarışları kimi, Bakıdakı qitə çempionatı da qeyri-müəyyən vaxta təxirə salındı. Düzdür, biz bu yarışı bu il keçirməyə hazırıq. Amma çempionatın hansı vaxtda keçirilməsi məsələsi hələ də sual altındadır. Bildiyiniz kimi, Avropada pandemiya ilə bağlı vəziyyət hələ də ciddi olaraq qalır. Bu da yarışın yaxın vaxtlarda keçirilməsində çətinliklər törədir. Çempionatın yeni tarixi ilə bağlı Avropa Sumo Federasiyasının prezidenti Dariuş Rozumla danışıqlar aparılacaq. Yəqin ki, bir həftəyə və ya 10 günə çempionatın keçirilmə vaxtı müəyyənləşəcək.

Qeyd edim ki, bu il sentyabr ayının əvvəlində Polşada keçirilməsi planlaşdırılan dünya çempionatı da təxirə salınıb. Bu yarışın keçirilmə tarixi gələn ilin sentyabr ayına təyin olunub”, - deyə Samir Abdullayev bildirib.

​​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azər Əlizadə