ABŞ-ın tennis üzrə açıq çempionatı (US Open) payızın sonlarına təxirə salına bilər.
Bu barədə Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişev məlumat verib. ABŞ-ın açıq çempionatı avqustun 24-dən sentyabrın 13-dək Nyu-Yorkda keçiriləcək. Lakin turnirin başqa şəhərə və ya daha sonrakı tarixə köçürülməsi məsələsi hələ müzakirə olunur.
“Turnirlərin vaxtı və yeni tarixləri barədə danışmaq hələ tezdir. Hazırda turnirin payızın sonlarına keçirilməsi müzakirə olunur. Vəziyyətin çətin olması ilə bağlı dəqiq bir söz demək mümkün deyil”,- Ş. Tarpişev bildirib.
Qeyd edək ki, Nyu-York koronavirus pandemiyasından ən çox zərər çəkən şəhərlər sırasında yer alır. Hazırda Nyu-York kortları koronavirusla əziyyət çəkənlər üçün hospital kimi fəaliyyət göstərir. Bu səbəb ilə US Open-2020 tennis turnirinin başqa şəhərdə keçirilməsi ilə bağlı xəbər yayılıb. Belə ki, Marca-nın məlumatına görə, turnirin ABŞ-ın İndian-Uells şəhərində keçirilməsi məsələsi müzakirə olunur. İndian-Uells hər il eyni vaxtda “Master” və “ Premyer” turnirlərini keçirir. Bu isə şəhərin bu tipli turnirlərin keçirilməsi üçün hər bir şəraitin olmasında xəbər verir.