Sağlamlıq festivalında 200 uşaq iştirak edib

Sağlamlıq festivalında 200 uşaq iştirak edib


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda rayon və şəhərlərdə zərərli vərdişlərin profilaktikası ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi mərkəzi və yerli icra hakimiyyətlərinin üzərinə vəzifə kimi qoyulub.
Bu məqsədlə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi ilə bağlı iyulun 19-da Qəbələ Olimpiya İdman Kompleksində "Gənclərin Sağlamlıq Festivalı” keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsləhətçisi Yaşar Nəzirov tədbir iştirakçılarını Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin adından salamlayaraq, idmana dövlət tərəfindən göstərilən qayğıdan, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili sahəsində görülən işlərdən və qazanılmış nailiyyətlərdən danışıb. Daha sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək layihənin məqsəd və vəzifələri haqqında məlumat verib: "Bu gün ölkəmizdə gənclər siyasəti və idmanın inkişaf etdirilməsi sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bu, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir”, - deyə o əlavə edib .


Çıxışlardan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və festival açıq elan olunub. Daha sonra 200-dək uşaq və yeniyetmənin iştirakı ilə rayonda vətənpərvərlik və idman üslubunda fəaliyyət göstərən idman bölmələrinin (cüdo, boks, sərbəst güləş, futbol, atletika) komandaları nümunəvi çıxışlar ediblər. Daha sonra "Kapoyera” idman klubunun, "Olimp” rəqs qrupunun çıxışları izlənilib.