Güləş idman növünün qaydalarına edilən əlavə və dəyişikliklər barədə məşqçi müəllimləri məlumatlandırmaq məqsədilə Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası tərəfindən həm paytaxtda, həm də bölgələrdə mütəmadi olaraq seminarlar təşkil olunur.Növbəti belə seminar iyulun 19-da Olimpiya Güləş Mərkəzində keçirilib. Seminarda Bakı və Bakı ətrafı rayonlarla yanaşı, Naxçıvanda fəaliyyət göstərən sərbəst və yunan-Roma güləşi üzrə məşqçi-müəllimlər iştirak ediblər. Seminarı giriş sözü ilə açan AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov hazırlıqların yeni qaydalara uyğun aparılmasının və güləşçilərin daim qaydalara riayət etməsinin vacibliyini bildirib.
"Təkcə fiziki cəhətdən güclü olmaq azdır. Taktiki bilikləri də artırmaq, eyni zamanda, qaydalara riayət etmək, nümunəvi idmançı olmaq əsas şərtdir. Xalça üzərində rəqiblə qaydalar çərçivəsində mübarizə aparmaq, hakimlə mübahisə etməmək lazımdır”, - deyə o bildirib. Seminar zamanı məşqçi müəllimlərə yeni qaydalar barədə məlumat verilib, son yarışlardan videogörüntülər izlənilib, mübahisəli məqamlar üzərində müzakirələr aparılıb.
Daha sonra seminar iştirakçılarını maraqlandıran suallar AGF Hakimlər Kollegiyasının üzvləri tərəfindən cavablandırılıb.
Qeyd edək ki, analoji seminar dünən İsmayıllı Olimpiya Kompleksində keçirilib, bu gün isə Sabirabad Olimpiya İdman Kompleksində təşkil olunacaq. İsmayıllıda keçirilən seminarda Azərbaycan Güləş Federasiyasının 2, 3, 5, 6 və 7 saylı nümayəndəliklərində fəaliyyət göstərən məşqçi-müəllimlər iştirak ediblər. Sabirabaddakı seminar isə AGF-nin 4 saylı nümayəndəliyində fəaliyyət göstərən məşqçi müəllimlər üçün təşkil olunacaq.