“Nardaran” perspektivli pəhləvanlar yetişdirir

“Nardaran” perspektivli pəhləvanlar yetişdirir

Ölkəmizdə idmanın inkişafına təkan verən klublar, idman cəmiyyətləri çoxdur. Bu idman ocaqlarının yaradılmasında əsas məqsəd gənc nəslin sağlamlığının qorunmasıdır. Şübhəsiz ki, bu klublar müxtəlif idman növləri üzrə fəaliyyət göstərirlər. Ölkəmizdə güləşin inkişafına xidmət edən idman ocaqlarından biri Nardaran qəsəbəsində eyni ad altında yaradılıb. Qəsəbənin uşaq, yeniyetmə və gəncləri "Nardaran” idman klubunda güləşin sirlərinə yiyələnirlər. Klub haqqında daha ətraflı məlumat almaq üçün məktəbin məşqçisi, əməkdar məşqçi, SSRİ idman ustası İslam Məmmədzadə ilə görüşdük.



- İslam müəllim istərdik ki, əvvəlcə özünüz barədə məlumat verəsiniz
- 1967-ci ildə Bakı şəhərində anadan olmuşam. Uşaq vaxtlarımdan güləşə həvəs göstərirdim. Məşqlərə "Dinamo” İdman Cəmiyyətində Xosrov Cəfərovun rəhbərliyi altında başlamışam. Məncə, o, Azərbaycanda ən yaxşı güləş məşqçilərindən biri idi. Bu növün sirlərini Xosrov müəllimdən öyrəndiyim üçün özümü xoşbəxt sayıram.

- Güləşlə neçə il məşğul olmusunuz?
- 1980-ci ildən sərbəst güləş idman növü ilə məşğul oluram. 1990-cı ildən etibarən isə məşqçilik fəaliyyətinə başlamışam. 6 saylı Uşaq-Gənclər İdman Məktbində müəllimlik fəaliyyəti göstərirəm. Bildiyinz kimi, Azərbaycan Güləş Federasiyası "Hər ailədə bir güləşçi” devizi altında güləşin inkişafına qayğı göstərir. Bu devizə uyğun olaraq, 2010-cu ildə Nardaran qəsəbəsində "Nardaran” güləş klubu yaradılıb. Federasiyanın nəzdində fəaliyyət göstərən klubda uşaqlar sərbəst güləş idman növü ilə həvəslə məşğul olurlar. Yeri gəlmişkən deyim ki, qonşu Maştağa, Buzovna və Bilgəh kəndlərinin uşaqları da bizim klubumuza üz tuturlar. Federasiya rəhbərliyi tərəfindən bizə çox gözəl şərait yaradılıb. Güləşlə məşğul olmaq və yüksək nəticə qazanmaq üçün hər cür imkanımız var. Buna görə də, federasiyanın rəhbərliyinə minnətdaram.

- "Nardaran”ın yetirmələri hansı yarışlarda iştirak ediblər və hansı nəticələrə nail olublar?
- Güləşçilərimiz müxtəlif səviyyəli yarışlarda güclərini sınayıblar. Nəticələrimiz qənaətbəxşdir. Tovuzda keçirilən və 1998-99-ci illər təvvəllüdlü yeniyetmələrin iştirak etdiyi Azərbaycan çempionatında bizim yetirməmiz Sərxan Quliyev (100 kq) ikinci yerə layiq görülüb. 2001-2003-cü illər təvəllüdlülərin Bakıda təşkil olunan yarışında Elmar Quluzadə birinci yerə çıxıb. İyun ayında Şamaxıda Oleq Krapivinin xatirəsinə həsr olunmuş turnirdə bir idmançınmız 3-cü yerə layiq görülüb.
Ümumiyyətlə, perspektivli güləşçilərimiz çoxdur. Kənan Novruzov, Ənnağa Novruzov, Bəxtiyar Babayev, Hüseyn Məhərrəmov, İntiqam Abdullayev, Malik Qılmanov, Hüseyn Qılmanov və digərləri müxtəlif turnirlərdə mükatçılar sırasında yer alıblar. Mən xüsusilə Heydərəli Seyidovu qeyd etmək istərdim. O,çox parlaq gələcəyi olan bir güləşçidir. Biz komandamızı 2014-cü ildə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına hazırlayırıq. Əminəm ki, yetirmələrimiz həmin mötəbər turnirdə etimadımızı doğruldacaqlar.

- Şübhəsiz ki, yaxşı nəticə əldə etmək üçün təcrübəli məşqçidən dərs almaq lazımdır...
- Əlbəttə. Məşçinin təcrübəsi, bacarığı idmanda çox önəmli rol oynayır. Əgər məşqçi öz bildiklərini yetirmələrinə düzgün şəkildə öyrədə bilirsə, nəticə mütləq olur. "Nardaran” idman klubunda məhz təcrübəli məşqçilər işləyir. Klubumuzun bacarıqlı məşqçisi Elşən Cavadov uşaqlara çox diqqətlə yanaşır. Təcrübəli hakim Kamran Əliyev də bizə yaxından kömək edir.

- İslam müəllim, heç şübhəsiz ki, idmançının psixoloji hazırlığı da mühüm əhəmiyyət kəsb edir...
-Doğru deyirsiniz. Hər bir idmançı iştirak edəcəyi yarışa psixoloji cəhətdən hazır olmalıdır. Bu cür hazırlıq məşqçidən çox asılıdır. Hər bir məşqçi öz yetirməsinə inam aşılamalı, idmançını inandırmaldır ki, o, yarışda qalib gəlməyə qadirdir. Biz " Nardaran” klubunun üzvlərinə hər zaman bu çür tövsiyələr verir, dünya miqyaslı yarışlarda medal qazanan güləşçilərimizi onlara nümunə göstəririrk. Qeyd edim ki, güləş qaydalarında müəyyən dəyişikliklər edilib. Bu isə Azərbaycan güləşçilərinin daha çox nailiyyət qazanmasına təkan verir. Elə buyaxınlarda Montereqoda keçirilən Avropa birinciliyində yeniyetmələrdən və gənclərdən ibarət komandalarımzın birinci olması qaydaların dəyişməsinin müsbət cəhətini göstərdi.

- Uzun illərdir ki, idmandasınız. Ölkəmizin bu sahədə əldə etdiyi uğurları necə dəyərləndirərdiniz?
- Azərbaycan idman ölkəsidir. Respublikamızın hər bir bölğəsində müasir idman qurğuları, Olimpiya idman kompleksləri istifadəyə verilib. Bu çür idman obyektlərində minlərlə uşaq, yeniyetmə və gənc öz sağlamlığını qoruyur, eyni zamanada, Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil etmək üçün davamlı məşqlər edir. Məhz yaradılan şəraitin nəticəsidir ki, idmançılarımız beynəlxalq arenalarda ən yüksək yerlərə layiq görülürlər. Dünyanın ən mötəbər idman yarışı olan Olimpiya oyunlarında qazandığımız nailiyyətlər sübut edir ki, ölkəmizdə idmana yüksək səviyyədə qayğı göstərilir.

Hürrü Abdullayev