Mexikoda keçirilən Olimpiya Oyunlarının qalibi Yanis Lusis həyatının 81-ci ilində dünyasını dəyişib. Atlet oyunlarda SSRİ yığmasının tərkibində nizə atıcılığı üzrə çıxış edib. Bu barədə Latviya atletika ittifaqı məlumat verir. Y.Lusis son illər onkoloji xəstəliklə mübarizə aparırdı.
“Biz Yanis Lusisin ailəsinə, dostlarına, qohumlarına və bütün atletika ailəsinə dərin hüznlə başsağlığı veririk”, - deyə Lativiya ittifaqının məlumatında bildirilir.
İdmançı 1968-ci il Olimpiya Oyunlarının qızıl medalını qazanıb. O, 1972-ci ildə Oyunlarının gümüş, 1964-cü ildə isə bürünc medalına layiq görülüb. Y.Lusis dördqat Avropa çempionudur. O, iki dəfə dünya rekorduna imza atıb. 1987-ci ildə Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası atleti idman tarixində ən yaxşı nizəatıcısı kimi qəbul edib. 2014-cü ildə isə atletikanın inkişafına verdiyi xüsusi töhfəyə görə, Beynəlxalq Federasiyanın şöhrət zalına daxil edilib.