VƏTƏNİN QƏHRƏMAN OĞLU

VƏTƏNİN QƏHRƏMAN OĞLU

          Böyük Vətən müharibəsində faşizm üzərində qələbədən 75 il keçir. Lakin, buna baxmayaraq, müharibənin törətdiyi dəhşətləri və bununla mübarizə aparan, hitlerçilərlə döyüşən, qara buludları başımızın üzərindən uzaqlaşdıran o böyük insanları unutmaq mümkün deyil. Onların əksəriyyəti dünyasını dəyişsələr də, daima qəlblərdə, könüllərdə yaşamaqdadırlar. Sözsüz ki, bu belə də olmalıdır. Vətənin qəhrəman övladları ilə müasirlərimiz fəxr etməli, onların keçdiyi yolları addım-addım təkrarlamağa çalışmalıdırlar. Belə igid insanlar sırasında tibb xidməti podpolkovniki Qədəmşah Sadıqov da var idi. Deyirlər ki, insanın həyatında adının mühüm rolu var. Həqiqətən də, bu qəhrəmandan söz açanda, qeyd edilən məsələ özünü təsdiqləyir. Adı seçildiyi kimi, o özü də, digər insanlardan olduqca seçilirdi. Qədəmşah – bu adın daşıyıcısı həqiqətən də şah qədəmli idi və o, bunu qısa, lakin mərdlik, xeyirxahlıq və insanpərvərliyi ilə zəngin olan həyatında artıqlaması ilə sübuta yetirmişdir. Onun həyatının hər bir anı mənalı və səmərəli keçirdi. İstirahəti fəaliyyətin bir növündən digərinə keçməklə başa çatırdı. Qədəmşah deyirdi: “mən fəlsəfədən səhiyyəyə keçəndə dincəlirəm” və yaxud “mən nəşrdən poeziyaya keçəndə dincəlirəm” və yaxud “mən hərbidən sosial problemlərə keçəndə dincəlirəm”. O, o qədər hərtərəfli, təkmilləşmiş insan idi ki, bəzən adam şüphə ilə yanaşırdı, yəni bir insan bu dərəcədə məntiqə, biliyə, savada, mədəniyyətə, xeyirxahlığa, insanpərvərliyə, eyni zamanda qətiliyə, cəsurluğa, mərdliyə, çevikliyə və onlarla müsbət keyfiyyətlərə malik ola bilərmi? Bir qədər düşünəndən sonra anlayırsan ki, bunların hamısı yalnız yuxusuz gecələr, polad iradə və həyat eşqinin nəticəsi ola bilər. 
          İnsanlara şəfa vermək, onları vaxtsız ölümdən xilas etmək Q.Sadıqovun həyatının mənasına çevrilmişdir. Təsadüfi deyildir ki, o, özünə layiqli peşə seçərək institutu müvəffəqiyyətlə bitirib diplom aldı. Çox keçmədi ki, müharibə  xəbərini eşidən Qədəmşah, bir çox cəsarətli və vətənpərvər insanlar kimi, dərhal hərbi komissarlığa yollanaraq Vətənə öz xidmətini təklif etdi. O, 261-ci diviziyanın 974-cü atıcı polkuna təyinat aldı. Ukrayna torpaqlarında gedən döyüşlərdən birində polkun baş həkimi həlak oldu. Q.Sadıqov onun yerinə təyin edildi. Gənc həkim öz həyatını təhlükə altına qoyaraq, qızğın döyüşlər gedə-gedə yaralıları atəş altında alov içərisindən çıxararaq təcili tibbi yardım göstərirdi. Hər qarış torpaq uğrunda ölüm-dirim savaşı gedirdi. 974-cü atıcı polku artıq neçə gün idi ki, düşmən tank və piyadalarının hücumlarını dəf edirdi. Bu zaman botalyonun komandirinə hitlerçiləri geri oturtmaq əmri verildi. Döyüşçülər bir-birinin ardınca düşmənin üzərinə hücuma keçdilər. Qədəmşah da həmin batalyonun tərkibində idi. Səhər açılanda məlum oldu ki, yeddi tank və bir taqımın əsgərləri məhv olmuşlar. Ertəsi gün döyüş daha da şiddətləndi. Atıcı batalyon daha çox itkiyə məruz qaldı, sırada bir nəfər komandir qalmamışdı. Qədəmşah tərəddüd etmədən batalyonun komandalığını öz üzərinə götürərək, sağ qalmış əsgərləri toplayıb döyüşə atıldı. Piyadalar misli görünməmiş cəsarət göstərərək düşməni 8 kilometr geriyə atdılar. Getdikcə itkilərim sayı artırdı, lakin diviziyanın əsas qüvvələri gələnədək mövqeyi əldən vermədilər. Qədəmşah ayağından ağır yaralamşdı, buna baxmayaraq, onu əvəz edən zabir gələnə kimi o, döyüşü davam etdirdi. Bu şücaətinə görə Q. Sadıqov "Qızıl Bayraq" ordeni ilə təltif edildi. Belə ki, Belqorod-Kursk ərazilərində gedən qızğın döyüşlərdə 32 nəfər yaralını ölümdən xilas etdiyi üçün "Qızıl Ulduz" ordeni ilə təltif edilmişdi. Daha sonra gənc həkim Xarkov, Don və Volqa sahilləri, Smolensk, Belorusiya, Almaniya, Uzaq Şərq döyüşlərindən keçdi. Hər bir şəraitdə özünü itirmədən minlərlə yaralını qanlı döyüşlərdən çıxarıb ölümün pəncəsindən alırdı. "Kommunist" qəzətinin 1943-cü il 6 noyabr tarixli nömrəsində dərc olunmuş "Üç ordenli həkim" adlı məqalədə oxuyuruq: "Vətəni canından əziz tutan oğullarımız ana südünü əsla itirmir, düşmənə qarşı amansızlıqla vuruşub dastan və hekayələrin qəhramanlarına çevrilərək, nəsildən nəsilə keçə biləcək solmaz igidliklər göstərirlər. Qvardiyaçı hərbi həkim Qədəmşah Sadıqov da bu igidlərdəndir". 
           Nəhayət insanların uzun müddət gözlədiyi Qələbə günü gəlib çatdı. İyirmi dörd yaşlı tibb xidməti mayoru Q.Sadıqov da Vətən qarşısındakı borcu ləyaqətlə yerinə yetirdikdən sonra doğma Azərbaycana qayıtdı. Onun sinəsini, hər biri bir qəhrəmanlığın tarixi olan, beş orden və on döyüş medalı bəzəyirdi. O, cəbhədə döyüşdüyü fədakarlıqla elm cəbhəsinə atıldı. Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirdikdən sonra həmin Universitetdə müəllim, sonralar dosent, eyni zamanda Respublika Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda baş müəllim və tədris hissə müdiri vəzifəsində çalışdı. 
           "Azərbaycan müəllimi" qazetinin 1985-ci il 1 may tarixli nömrəsində dərc olunmuş "Ömrüm boyu bu dünyada" məqalədə Qədəmşahın mövqeyihdən, öz idealları uğrunda daima mübarizə apardığından söhbət açılır. Q.Sadıqovun elmi fəaliyyəti çoxşaxəli idi. Əvvəlcə fəlsəfə, sonradan tibb sahələrində namizədlik dissertasiyalarını müdafiə edərək, fəlsəfə və tibb elmləri namizədi alimlik dərəcələri aldı. Ali və orta ixtisas məktəbləri tələbələri bu gün də onun yazdığı "Məntiq" və "Etika" dərsliklərindən istifadə edirlər. Qədəmşahın fəlsəfə elmlər doktoru alimlik dərəcəsi almaq üçün yazdığı "Azərbaycanda məntiq nəzəriyyəsinin ünsürləri", tibb elmlər doktoru alimlik dərəcəsi almaq üçün yazdığı "Əbu İbn Sinanın tibb elmlərinə baxışı" əsərlərini hər ikisi hazır olmasına baxmayaraq, amansız ölüm onun bu arzusunu qəlbində qoydu. Hətta bu əsərlər barədə müxtəlif alimlərin müsbət rəyləri də var. 
             Qədəmşah öz vaxtını, qüvvə və bacarığını əsirgəmədən bütün varlığı ilə müharibə vaxtında Vətənə, sonralar isə elmə sərf edərək qısa, lakin olduqca mənalı ömrünü şam kimi əritmişdir. Yaradıcılığının çiçəkləndiyi bir vaxtda , 45 yaşında dünyasını dəyişmişdir. Bu insan daha nələr yazmağa, yaratmağa qadir idi.  Q.Sadıqovun yazmış olduğu 48 elmi əsər, çoxsaylı kitab, dərslik, müxtəlif fəlsəfə, təbabət və hərbə aid materiallar arasında xüsusi yer tutan hərbin sirləri haqqında 220 və 360 səhifəlik yazılar hərbi arxivlərdə məxfi saxlanılır. "Təşviqatçı" jurnalının 1968-cı ilin 15-ci (avqust) nömrəsində dərc olunmuş "Axtarışlarla keçən ömür" məqaləsində Qədəmşahın yazıb yaratdığı, lakin bəhrəsini görmədiyi "Mirzə Fətəli", "Aida", "Birləşmiş yeni kolxoz", "Dəmirçi Gavə", "Axtarış və əkskəşfiyyat" dramları "Axtaran tapar" komediyası, "Məsləhətovun məsləhətləri" məzhəkəsi, "Şahin", "Anacan, ağ saçın" və "Füzuli" lirik poemaları, "Rahib və Rəna" romanlarından bəhs edilir.
            Bu günlər qələbəmizin 75 illiyini qeyd edirik. Bu qələbə nəyin hesabına başa gəlib? Bu suala yalnız müharibəni keçmiş və onun dəhşətlərini yaşamış insanlar cavab verə bilərlər. Sözsüz ki, milyonların şəhid olduğu və digərlərinin qəhrəmanlığı hesabına başa gəlib.  Qədəmşah Sadıqov da öz mənalı ömürü ilə belə qəhrəmanlıq salnaməsini yazan xalqımızın ləysüətli övladlarından biridir. Odur ki, müasirlərimiz onun kimi böyük insanları, onların dünyasını dəyişmələrinə baxmayaraq, daima yaşatmalı və yad etməlidirlər.