Mamed Abdullayev: “Sağlamlıq qazanılan hər bir medaldan üstündür”

Mamed Abdullayev: “Sağlamlıq qazanılan hər bir medaldan üstündür”

“Azərbaycan Taekvondo Federasiyasının həm idmançıları, həm də​ məşqçiləri karantin rejiminə riayət edərək evdə qalmağa çalışırlar. Bildiyiniz kimi bütün zallar bağlıdır. Bununla belə federasiya tərəfindən məşqçi-müəllimlərə tapşırıqlar verilib ki, öz tələbələri ilə onlayn məşqlər keçsinlər”. Bu sözləri olimpiyadunyasi.com və olimpnews.az saytına açıqlamasında taekvondo üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi, respublikanın Əməkdar məşqçisi, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Mamed Abdullayev deyib.

O, yığma komandanın üzvlərinin federasiya tərəfindən təyin olunmuş proqramlar əsasında hazırlıq keçdiyini bildirib:
“Azərbaycan yığma komandasının tərkibində olan idmançılara müəyyən proqramlar verilib ki, məşq edərək formalarını qorusunlar. Düzdür, idmançılarla onlayn məşqlər də keçirilir. Amma onlayn keçirilən məşqlər peşəkar idmançını inkişaf etdirə bilməz. Bu məşqlərlə idmançıların hazırlıq səviyyələrini yoxlamaq, onlara nəzarət etmək olar. Bu baxımdan da müəllimlərimiz əsasən idmana yeni başlayanlara və yeniyetmə idmançılara onlayn məşqlər keçirlər. Yığma komandanın tərkibində olan idmançılarımız isə müəyyən proqramlar vasitəsi ilə formada qalmağa çalışırlar. Təbii ki, burada idmançının məsuliyyətindən və proqramları düzgün şəkildə yerinə yetirməsindən də çox şey asılıdır. Bundan əlavə onu da qeyd edim ki, karantin rejimindən əvvəl gənclərdən ibarət yığma komandanın seçmə mərhələsinə başlamışdıq. Lakin mövcud pandemiya şəraiti ilə bağlı yaranan çətinliyə görə birinci mərhələdən sonra seçimləri dayandırdıq. Karantin qaydaları başa çatdıqdan sonra yenidən seçimlərimizi davam etdirəcəyik”.
Mamed Abdullayev gənclərdən ibarət yığma komandanın iştirak edəcəyi yarışların təxirə salındığını deyərək hələ ki, keçirilməsi nəzərdə tutulan ən yaxın rəsmi yarışın oktyabr ayında olduğunu bildirib.
“Artıq ikinci aya yaxındır ki, zallar bağlıdır və yarışlar təxirə salınıb. Bildiyiniz kimi, mart ayının sonlarında gənclərdən ibarət yığma komandamız Xorvatiyada keçiriləcək klublararası Avropa çempionatında iştirak etməli idi. Lakin çempionatın Təşkilat Komitəsi bu yarışı təxirə saldı. Hətta böyüklərdən ibarət yığma komandamız Belçikada keçiriləcək yarışa bir gün qalmış turnir təxirə salındığına görə geri qayıtdı. Bundan başqa, böyüklərdən ibarət yığmamız aprel ayında İtaliyada lisenziya yarışlarına qatılmalı idi. Lakin bu yarışların da keçirilməsi ​ pandemiyaya görə təxirə salındı. Hələ ki, keçirilməsi nəzərdə tutulan yeganə rəsmi yarış oktyabr ayında Bolqarıstanda gənclər arasında təşkil olunacaq dünya çempionatıdır. Lakin ola bilsin ki, bu yarışın da vaxtı dəyişdirilsin. Bildiyiniz kimi, Tokio-2020 Yay Olimpiya Oyunları gələn ilə təxirə salındı. Bu qərar yeni tarixi zəfərimizin və qələbələrimizin intizarını bir qədər də uzatdı. Sözsüz ki, Olimpiya Oyunlarının təxirə salınması psixoloji olaraq ən çox idmançılarımıza təsir etdi. Amma neyləmək olar? Çalışıb qaydalara riayət etməli və bu çətinliklərə dözməliyik. İdmançılar özləri də təsdiq edirlər ki, sağlamlıq qazanılan hər bir medaldan üstündür. Hazırda verilən qərarları gözləyirik. Hələ ki, təxirə salınan yarışlarla bağlı hər hansısa bir qərar yoxdur. Dəqiq bir qərar verildikdən sonra Taekvondo Federasiyası plana uyğun olaraq ​ idmançılarımızı yığmaya cəlb edəcək. Ümid edirəm ki, idmançılarımız karantindən sonra yeni nəfəslə məşqlərə qayıdacaq və Azərbaycanı uğurla təmsil etmək üçün bütün güclərini ortaya qoyacaqlar”, - deyə yığma komandanın baş məşqçisi bildirib. ​
Əməkdar məşqçi yerli yarışlarla bağlı da açıqlama verib. Yeniyetmə, gənclər və böyüklər arasında respublika çempionatlarının ilin əvvəlində təşkil olunduğunu deyən Mamed Abdullayev hazırda regionlarda təşkil olunacaq müxtəlif yarışlara pandemiya ilə əlaqədar olaraq fasilə verildiyini bildirib.
“Bildiyiniz kimi, Azərbaycan yığma komandasının tərkibini müəyyənləşdirmək üçün yeniyetmə, gənc və böyüklər arasında ilin əvvəlində ölkə çempionatı keçirildi. Bundan sonra bizim növbəti yarışımız Abşeron Olimpiya İdman Kompleksində 26 fevral Xocalı Soyqırımına həsr olunmuş Bakı şəhər açıq birinciliyi oldu. Bu yarış da öz möhtəşəmliyinə görə digərlərindən fərqlənmirdi. Bundan sonra isə təqvim əsasında təyin olunan yarışlarımız koronavirus emidemiyası ilə əlaqədar olaraq dayandırıldı. Gəncə, Quba və bir sıra regionlarda yarışlar var idi ki, təxirə salındı. Karantin rejimi başa çatdıqdan sonra dövlətimiz tərəfindən nə vaxt qərar verilərsə biz də proqrama əsasən yarışlarımızı davam etdirəcəyik”, - deyə Mamed Abdullayev qeyd edib. ​

Azər Əlizadə
​ ​ ​ ​ ​ ​