«Neftçi»nin idman xronikası

«Neftçi»nin idman xronikası



Uşu

Çinin paytaxtı Pekin şəhərində kunq-fu üzrə dünya çempionatı keçirilib. Çempionatda 54 ölkənin 40 minə yaxın idmançısı qüvvəsini sınayıb.
«Neftçi» İSM-in mətbuat xidmətinin rəhbəri, əməkdar jurnalist Tofiq Ataxanoglunun olimpnews.az-a verdiyi məlumata görə, adıçəkilən idman cəmiyyətinin dörd idmançısı ölkəmizi dünya yarışında uğurla təmsil edərək, uşu-taolu və sanda üzrə mükafatçılar sırasında yer alıblar. Onlardan Ruzi Vəliyev (2000) tonq zi qonq (gəncliyin məharəti kompleksi) və dao şu (əyri qılınc texnikası) növlərində 2 qızıl medal qazanıb. Rafət Əsədov (1985) çyan şu (nizə texnikası) və duylən çise (alətlə qarşılıqlı döyüş) növlərində 1-ci, sanda (sərbəst döyüş, +90 kq) növündə isə 2-ci yerə çıxıb. İlkin Qurbanov (1991) dzanco bayn (9 halqalı zəncir texnikası) və duylən (qarşılıqlı yumruq texnikası) növləri üzrə dünya çempionluğuna yüksəlib. Digər idmançımız Samir Salmanov (1988) isə shuan dao (cüt qılınc texnikası) və duylən növlərində qızıl, ditang çuan (şaolin kompleksi) növündə isə bürünc medala layiq görülüb.

Karate

Ukraynanın Simferopol şəhərində karate üzrə beynəlxalq turnirə yekun vurulub. 10 ölkədən 200-dən artıq idmançının mübarizə apardığı turnirdə «Neftçi» İdman-Sağlamlıq Mərkəzi 8 karate ustası ilə təmsil olunub. Yarışın keçirilməsində əsas məqsəd idmançıların Serbiyada təşkil olunacaq XXI dünya çempionatına vəsiqə qazanmaq idi.
Mərkəzin yetirmələrindən Araz Babayev (+18) kumitedə qızıl medal qazanıb. Yalnız final mərhələsində məğlub olan Orxan Musayev (14-15) isə gümüş medala layiq görülüb. Nazim Bayramlı (kumite, 8-9) və Araz Babayev (katn, +18) isə yarışı 3-cü yerdə başa vurublar. Kumitedə idmançılarımız komanda hesabında daha 3 qızıl və 3 bürünc medala sahib olublar. Araz Babayev, Səbuhi Nuriyev və Pərvin Abbaszadədən ibarət komanda (+18) qızıl, Mərdan Nuriyev, İmran Eynəliyev və Babək İsmayılovun yer aldığı komanda (12-15) isə bürünc medala yiyələnib. «Neftçi» İSM kişilərin yarışında komanda hesabında 1-ci yeri tutub.
Turnirdən sonra Yekpoforiyada (Simferopol) təlim-məşq toplantısı keçirilib. 5 gün davam edən tədbirdə mərkəzin idmançıları taktiki və texniki tərəfdən öz ustalıqlarını xeyli yüksəldiblər.




Sambo

Rusiyanın Kazan şəhərində sambo güləşi üzrə tələbələrin Universiadası başa çatıb. «Neftçi» İSM-in yetirmələrindən 3-ü Universiadanın medalçıları sırasına düşməyə müvəffəq olub. Samboçularımızdan 52 kq çəki dərəcəsində çıxış edən Ağasif Səmədov yarışın bürünc medalına yiyələnib. İslam Qasımov (57 kq) və Emin Həsənov (68 kq) da eyni uğuru təkrarlayıblar.

Atletika

Tofiq Bəhramov adına Respublika stadionunda 1994-95, 1996-97-ci illər təvəllüdlü idmançılar arasında respublika birinciliyi keçirilib. Ölkə birinciliyində «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin atletləri də iştirak ediblər. 1994-1995-ci illər təvəllüdlü idmançılar arasında mərkəzin təmsilçilərindən Zəkiyyə Həsənova 400 metr məsafəyə qaçışda 1,03 dəqiqə nəticə göstərərək liderliyə yüksəlib. Viktoriya Sulidina isə 800 metri 3 dəqiqəyə qət edərək 2-ci olub. 1996-1997-ci il təvəllüdlülər arasında keçirilən yarışda İslam Qəhrəmanzadə nizəatmada 48 m 62 sm nəticə ilə çempionluğa sevinib.
Birinciliyin ardınca eyni məkanda böyüklər arasında Azərbaycan çempionatı start götürüb. Mərkəzin atletləri müxtəlif növlərdə və estafet yarışlarında fəal iştirakları ilə seçiliblər. Nəticədə idmançılarımız ölkə çempionatının 14 qızıl, 10 gümüş və 2 bürünc medalını qazanaraq yüksək nailiyyətlərini davam etdiriblər.

Futbol

İyulun 23-də Qaradağ Təlim-İdman Bazasında «Neftçi» İdman-Sağlamlıq Mərkəzi və «Neftçi» Peşəkar Futbol Klubunun ənənəvi birgə seminarına start verilib. 7 gün davam edəcək seminarda əsas məqsəd futbol məşqlərinin nəzəri və praktiki məşğələlərin öhdəsindən gəlməsinə yardım etməkdir. Həftə ərzində məşqçilərə mütəxəssislər tərəfindən mühazirələr oxunacaq və onların da fikirləri öyrəniləcək. Seminarlarda həm nəzəri, həm də praktiki mövzularda dərslər keçiriləcək və fikir mübadiləsi aparılacaq. Ayın 28-də seminar öz işini sona çatdıracaq.


«Neftçi» İSM-in mətbuat xidməti