Azərbaycan Güləş Federasiyası ilin altı ayına yekun vurub

Azərbaycan Güləş Federasiyası ilin altı ayına yekun vurub




Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında qurumun bu ilin altı ay ərzindəki fəaliyyətinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov və KİV nümayəndələri iştirak edirdilər.
Çıxışında əvvəlcə KİV nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibəti ilə təbrik edən Əjdər Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən jurnalistlərə yüksək səviyyəli diqqət və qayğı göstərildiyini bildirdi. O, dövlətimizin başçısının 22 iyul Milli Mətbuat Günündə bir qrup jurnalistin mənzillə təmin edilməsi münasibəti ilə təbrik etdi və bunu dövlətimiz tərəfindən söz və mətbuat azadlığına verilən yüksək qiymət kimi dəyərləndirdi. Federasiyanın baş katibi ölkəmizdə idmana göstərilən dövlət qayğısından söz açdı və güləşçilərimizin bu il bir sıra yüksək nailiyyətlər qazandığını dilə gətirdi. Əjdər Cəfərov son altı ay ərzində güləşçilərimiz beynəlxalq turnirlərdə, Avropa çempionatında və 27-ci Dünya Universiadasında uğurla çıxış edərək Azərbaycanın idman şərəfini layiqincə qoruduğunu dedi: «Güləşçilərimiz bu ilin altı ayı ərzində keçirilən beynəlxalq səviyyəli yarışlarda cəmi 139 medal qazanıblar ki, bunlardan 44-ü qızıl, 29-u gümüş, 66-sı bürüncdür. Pəhləvanlarımız Avropa birinciliyində 35 medala sahib olublar. Bunlardan 10-u qızıl, 7-si gümüş, 18-i bürünc medaldır. Qarşıda idmançılarımızı çətin sınaq gözləyir. Belə ki, hazırda idmançılarımız sentyabrda Macarıstanın paytaxta Budapeştdə keçiriləcək dünya çempionatına hazırlaşırlar. Ümid edirəm ki, bu ali yarışda da idmançılarımız uğurla çıxış edəcəklər».
Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifova London-2012 Yay Olimpiadasından sonra istirahət verildiyini deyən baş katib idmançıların çəki probleminə də toxundu. O, qeyd etdi ki, çəki artımı milli komandada sağlam rəqabətə yol açır. Əjdər Cəfərov Şərif Şərifovun bundan sonrakı yarışlarda Xetaq Qazyumovla birgə 96 kq çəki dərəcəsində mübarizə aparacağını bildirdi. Baş katib Olimpiya çempionumuz Toğrul Əsgərovun mədəsində problem olduğunu və Türkiyədə müalicə keçdiyini bildirdi və idmançımızın yaxın vaxtlarda Qubada start götürəcək təlim-məşq toplanışında iştirak edəcəyini jurnalistlərinə nəzərinə çatdırdı.
Baş katib güləşin regionlarda inkişafı məsələsi istiqamətində də Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən işlərin görüldüyünü diqqətə çatdırdı. O, federasiyada dörd mütəxəssisdən ibarət seleksiya şöbəsinin yaradıldığını və bu nümayəndələrin əsas işinin respublikanın müxtəlif regionlarında gənc və istedadlı idmançıların üzə çıxarılmasından ibarət olduğunu dedi. O, regionlarda güləşin inkişafı istiqamətində bir sıra vacib işlərin görüldüyünü vurğuladı: "Respublikanın bir neçə bölgəsində olan mütəxəssislər gənc və yeniyetmə güləşçilərə baxış keçirib və potensiallı idmançıları bir araya toplayıb. Bu güləşçilər Bakıda təlim-məşq toplanışına cəlb olunacaqlar və onların ən güclülərinin milliyə cəlb olunması üçün seçim aparılacaq».
AGF-nin baş katibi Əjdər Cəfərov güləş idman növünün Olimpiya oyunlarının proqramında qalması və Beynəlxalq Güləş Federasiyasının (FİLA) idmanın bu növünə tətbiq etdiyi dəyişikliklər barədə də jurnalistlərə məlumat verdi: "Beynəlxalq Olimpiya Komitəsi (BOK) güləşin Olimpiya oyunlarının proqramından çıxarılmasını bu idman növü üzrə keçirilən yarışlarda tamaşaçıların azlığı və televiziyaların bu yarışları yayımlamaqda az maraqlı ollması ilə əlaqələndirmişdi. Bunun üçün də FİLA bir sıra dəyişikliklər etmək məcburiyyətində qaldı. Belə ki, beynəlxalq qurumun prezidenti vəzifəsindən kənarlaşdırıldı və birillik müddətə yeni prezident təyin olundu. FİLA güləş qaydalarında bir sıra ciddi dəyişikliklər həyata keçirməyə məcbur oldu. Qaydaların tətbiqi ilə bağlı yekun qərar bi ilin sonunadək veriləcək».
Tədbirin sonunda Ə.Cəfərov tədbirə toplaşan jurnalistləri peşə bayramı münasibətilə təbrik etdi və onlara xatirə hədiyyələri təqdim etdi.


Səadət Hakiyeva
Aysel Sultanova