Slovakiyada 2021-ci ildə keçirilməsi planlaşdırılan Avropa Gənclər Yay Olimpiya Festivalı 2022-ci ilə təxirə salınıb.
Bu barədə Avropa Olimpiya Komitələrinin mətbuat xidməti məlumat yayıb. Festival 2022-ci il iyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək. Yarışın əvvəlcə 2021-ci il iyulun 25-dən 31-dək keçirilməsi planlaşdırılırdı. Festival təşkilatçıları tədbirin tarixinin Tokio Yay Olimpiya Oyunları ilə üst-üstə düşməməsi üçün onu təxirə salmağı qərara alıblar.
Slovakiyada keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında 50 ölkəni təmsil edəcək 3 minə yaxın idmançının iştirakı planlaşdırılır. Festival 1991-ci ildən təşkil olunur və hər iki ildən bir keçirilir. Azərbaycanın paytaxtı Bakı şəhəri 2019-cu ildə XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edib.
XVI Avropa Gənclər Yay Olimpiya Festivalı da təxirə salındı