Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək

Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək

İyulun 21-25-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci Hesabat-seçki Baş Assambleyası keçirilib.
İclasda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-nin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, MOK-un Beynəlxalq proqramlar üzrə mütəxəssisi və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov şəhərin təqdimatı ilə çıxış ediblər.

Assambleya çərçivəsində Bakı-2017 namizədlik kitabının təqdimatı olub. Kitab IV İslam Həmrəyliyi Oyunlarına ümumi baxış, ölkədə siyasi və qtisadi vəziyyət, hüquqi aspektlər, gömrük və immiqrasiya, ətraf mühit və meterologiya, maliyyə, marketinq və kommunikasiya, idman obyektləri və yarışlar, yaşayış obyektləri, nəqliyyat, təhlükəsizlik, tibbi xidmətlər və dopinq nəzarəti bölmələrini əhatə edir. Tədbir iştirakçılarına İslamiada ilə bağlı hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib və çap məhsulları paylanılıb.
Sevindirici haldır ki, Assambleyada səsvermə zamanı, Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqda yekdilliklə qərar qəbul edilib. İHİF-nin üzvləri 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün ölkəmizə səs veriblər.

Assambleyanın gedişində İHİF-nin 2013-2017-ci illər müddəti üçün yeni tərkibi müəyyən edilib və Çingiz Hüseynzadə yenidən növbəti dörd illiyə İHİF-nin vitse-prezidenti seçilib. Eyni zamanda struktur dəyişikliyinə əsasən, İHİF-nin İcraiyyə Komitəsinə qurumun tarixində ilk dəfə olaraq xanım nümayəndə kimi həmyerlimiz Könül Nurullayeva seçilib.
Qeyd edək ki, Azərbaycan İslam Həmrəyliyi İdman Federasiyasında iki nümayəndə ilə təmsil olunan yeganə dövlətdir.
Tədbirin sonunda 2015-ci ildə İHİF-nin növbəti Baş Assambleyasının Azərbaycanda təşkil edilməsi haqda da qərar qəbul edilib.