Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Toplantıda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasının nəticələri və onun fonunda koronavirus pandemiyasının Milli Olimpiya komitələrinin işinə, antidopinq proqramlarının həyata keçirilməsinə, yayımçılarla müqavilələrə təsiri müzakirə olunacaq. Rəhbər orqana "Here We Go" adlı xüsusi işçi qrupun Tokio-2020-yə hazırlıq barədə məruzəsi təqdim olunacaq.
IOC iyulun 17-də keçirməyi planlaşdırdığı 136-cı Sessiyasının məsafədən təşkilini də müzakirə edəcək.
Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.