Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarının təhlükəsiz şəraitdə keçirilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə müştərək iş aparır.
Bu barədə IOC prezidenti Tomas Bax İcraiyyə Komitəsinin video-konfrans formatında iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib. O bildirib ki, toplantıda "Here We Go" İşçi Qrupunun olimpiada ilə bağlı hesabatı təqdim olunub: "Bu qrup bütün iştirakçılar üçün təhlükəsiz Oyunların keçirilmə təminatına cavabdehdir. Biz buna nail olmaq üçün ÜST-lə və digər maraqlı tərəflərlə təmasdayıq".
Bax Oyunların ləğvi və ya başqa ölkəyə keçirilmə məsələsinə də münasibət bildirib: "Təşkilat Komitəsi və Yaponiya hökuməti ilə həmrəyik. Təxirə salınmış Olimpiya Oyunların uğurlu alınacağına inanırıq. Olimpiadanın startına hələ 1 il 2 ay var. Ona görə də gələcəyin mövzusu ətrafında indidən spekulyasiya aparmamalıyıq".
Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.