“Baku Cup-2013” beynəlxalq tennis turniri başa çatıb

“Baku Cup-2013” beynəlxalq tennis turniri başa çatıb





Bakı Tennis Akademiyasında keçirilən "Baku Cup-2013” beynəlxalq turnirinə yekun vurulub. İyulun 28-də keçirilən turnirin final qarşılaşmasında həm şəxsi yarışların, həm də cütlüklərin qalibləri müəyyənləşib.
Olimpnews.az-ın verdiyi məlumata görə, yarışların finalında dünya reytinqində 71-ci olan 18 yaşlı ukraynalı tennisçi Elina Svitolina ilə reytinqdə 149-cu olan 26 yaşlı israilli tennisçi Şayar Peyer üz-üzə gəlib. Elina Svitolina finala qədər ardıcıl olaraq Aleksandra Kruniç (2-1), Nastasya Barnett (2-0), Donna Vekiç (2-0) və Aleksandra Kadantsu (2-0) üzərində qələbə qazanıb. Şayar Peyer isə İlona Kremen (2-1), Şanel Skipers (2-1), Tadeya Mayeriç (2-1) və Maqda Linetteni (2-0) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmanın ilk setində ukraynalı tennisçi gözəl oyun nümayiş etdirib. Əvvəlcə 3 oyunu öz xeyrinə başa vuran Şayar Peyer sonra mübarizəni inamla davam etdirə bilməyib. Nəticədə Elina Svitolina ilk seti qalib başa vurub -6:4. Bərabər səviyyədə keçən oyunun ikinci setində rəqiblər hər xal uğrunda sona qədər mübarizə aparıblar. 9-cu oyunda rəqibinə üstün gələn və hesabda önə (5:4) keçən Svitolina çempionluğa bir addım da yaxınlaşıb. Bu fürsətdən yaxşı istifadə edən ukraynalı tennisçi 2-ci seti 6:4, matçı da 2-0 qalib başa vurub. Bununla da Elina Svitolina "Baku Cup 2013" turnirini qalibi adını qazınıb. Qeyd edək ki, bu qələbə 18 yaşlı tennisçinin karyerası ərzində qazanmış olduğu ilk titul kimi də yadda qaldı. Məlumat üçün bildirək ki, Elina Svitolina və Şayar Peyer daha əvvəl Şenzen turnirində də üz-üzə gəlmiş və Svitolina 2-0 (6:1, 6:3) hesabı ilə qalib gəlmişdi.
Cütlüklərin yarışında da qaliblər müəyyənləşib. Belə ki, finalda Eleni Danilidou (Yunanıstan) - Aleksandra Kruniç (Serbiya) cütlüyü ilə İrina Buryaçok (Ukrayna) - Oksana Kalaşnikova (Gürcüstan) cütlüyü qarşılaşıb. Danilidou - Kruniç cütlüyü böyük əzmkarlıq nümayiş etdirərək güclü rəqibləri qarşısında ilk seti öndə bitirib - 6:4. Setin sonuna qədər əzimkar mübarizə aparan Buryaçok - Kalaşnikova cütlüyü oyunda dönüş yaradaraq 7:6 hesabı ilə qalib gəlib və ümumi hesabı 1-1 edib. Matçın qalibinin müəyyənləşdiyi 3-cü və son setdə daha inamlı oynayan Buryaçok - Kalaşnikova cütlüyü qalib gəlib- 10:4. Ümumi hesabda oyunda 2-1 hesabı ilə qələbə qazanan İrina Buryaçok (Ukrayna) - Oksana Kalaşnikova (Gürcüstan) cütlüyü "Baku Cup 2013" turnirində cütlüklərin yarışında (doubles) çempion olublar. Məlumat üçün bildirək ki, İrina Buryaçok "Baku Cup 2012"də də cütlüklərin yarışında çempion adını qazanmışdı.



Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərəsimi keçirilib.
Finalçıları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, "Baku Cup 2013" turnirinin direktoru Leyla Mesxi, WTA (Qadın Tennis Assosiasiyası) supervayzeri Çen Şu, Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyev, turnirin baş sponsoru "Paşa Bank"ın nümayəndəsi Şahin Məmmədov və "Oriflame" şirkətinin baş müdiri Sergey Olekseyenko mükafatlandırıblar. Finalçılar qiymətli hədiyyələrlə yanaşı WTA tərəfindən də reytinq xalı əldə ediblər. Belə ki, qalib gələn Elina Svitolina (Ukrayna) 280, finalçı Şayar Peyer (İsrail) isə 200 reytinq xalı qazanıb. Bundan başqa turnirin təşkilatçıları Elina Svitolionaya 40 min ABŞ dolları, Şayar Peyerə isə 20 min ABŞ dolları verilib. Cütlüklərin qalibləri də kubok və qiymətli hədiyyələrlə yanaşı, WTA reytinqində 280 reytinq xalı və 11 min 500 ABŞ dolları mükafat əldə edib. 2-ci yerə çıxan cütlük isə 200 reytinq xal ilə yanaşı 6 min ABŞ dolları qazanıb.


Azər