Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti Namiq Əliyev Olimpiya Güləş Mərkəzində yunan-Roma güləşi üzrə milli yığmanın üzvləri ilə görüşüb.
AGF-in rəsmi saytının yazdığına görə, sentyabrın 16-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyük lər arasında dünya çempionatı keçiriləcək. Bununla bağlı Azərbaycan yığma komandaları da çempionata hazırlıqları davam etdirirlər. Sərbəst güləş yığması Quba Olimpiya İdman Kompleksində, qadın güləşçilər Astara Olimpiya İdman Kompleksində, yunan-Roma güləşçiləri isə Bakıda Olimpiya güləş Mərkəzində hazırlıq keçirlər.
İdmançılarla görüşən (AGF) birinci vitse-prezidenti Namiq Əliyev hazırlıq prosesinin gedişi, idmançıların fiziki hazırlığının vəziyyəti və sağlamlıqları ilə maraqlanıb. Federasiya rəsmisi çempionata az vaxt qaldığını və idmançıların bu müddət ərzində səylərini daha artırmalı olduqlarını bildirib.