Koronavirus pandemiyası səbəbindən gələn ilin yayına təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları təhlükəsiz şəraitdə keçiriləcək.
Bunu AFP-yə açıqlamasında Yaponiyanın paytaxtı Tokio şəhərinin qubernatoru Yurio Koike deyib.
O bildirib ki, insanlarda gələcəyə ümid oyadan Oyunların təşkili üçün virusla mübarizədə bütün səylərini davam etdirəcək. Y.Koike həmçinin Yaponiyadan və xaricdən gələn idmançılar, azarkeşlər üçün təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olacağına söz verib: "Tokio sakinləri bilirlər ki, koronavirusun təsiri zəifləmədiyi təqdirdə olimpiada keçirilə bilməz. Hansı testlər lazımdır və onlardan necə istifadə etmək lazımdır? Sosial məsafə necə olmalıdır? Bütün bunlar gələcək müzakirələrdən asılı olacaq. Xərclərin azaldılması hazırda əsas müzakirə mövzularından biridir".
Daha əvvəl sponsorların Tokio olimpiadasına sərmayə qoyub-qoymamaq barədə tərəddüd etdikləri bildirilib. Oyunların sponsorlar üçün böyük fürsət olduğunu xatırladan qubernator onlardan dəstək istəyəcəyini söyləyib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.