Azərbaycan Premyer Liqası və ölkə kuboku ləğv olundu

Azərbaycan Premyer Liqası və ölkə kuboku ləğv olundu

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri – Kazbek Tuayev, İsgəndər Cavadov, Elmar Məmmədyarov, Mahir Məmmədov, Firudin Qurbanov, Zaur Axundov və Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iştirak ediblər.

İclasda Azərbaycan Premyer Liqası və ölkə kubokunun aqibəti müzakirə olunub. Təxminən bir saatdan çox davam edən videokonfransda Azərbaycan Premyer Liqası və ölkə kubokunun vaxtından əvvəl ləğv olunması barədə qərar qəbul olunub.

Ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin klubların hazırlığına və oyunlarına keçirilməsinə çətinlik yaratması və son vaxtlar yoluxma sayının çox olması federasiyasının bu cür addım atmasına səbəb olub.

20 turdan sonra 45 xalla zirvədə yer alan "Qarabağ" çempion elan olunub. Ağdam klubu 2020/2021 mövsümündə Azərbaycanı çempionlar liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında təmsil edəcək. Qərarlara əsasən, 2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməyəcək. "Qarabağ" ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə çempionluq əldə edib. "Sumqayıt" isə tarixdə ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazanıb.

 

İclasda aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 

1. COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında

Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarış dayandırılsın. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin (11 səs lehinə, 1 səs əleyhinə).

2. 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın.

3. COVID-19 qlobal pandemiyası ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunsun.

4. 2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməsin.

 

Qeyd: COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilər.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılmış Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunacağı gözlənilirdi. Lakin sonradan xüsusən paytaxtda və Abşeron yarımadasında həftəsonları üçün sərt karantin rejiminin tətbiqi klubların məşq və oyun imkanlarını məhdudlaşdırıb.