“Məşqlərimizi yenidən onlayn qaydada davam etdirəcəyik”

“Məşqlərimizi yenidən onlayn qaydada davam etdirəcəyik”

 “Açıq havada məşqlərə icazə verildikdən sonra digər federasiyalar kimi, Stolüstü Tennis Federasiyası da məşqlərini bərpa etmişdi. Komandanın üzvləri əsasən Dənizkənarı Bulvar ərazisində yalnız fiziki hərəkətlər edərək hazırlığını qorumağa çalışırdılar”.

Bu sözləri “Olimpiya dünyası” qəzetinə açıqlamasında Azərbaycan Stolüstü Tennis Federasiyasının baş məşqçisi Maxail Timofeyev bildirib.

Gənc mütəxəssis Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra bu həftədən məşqlərin yenidən onlayn qaydada davam edəcəyini qeyd edib.

“Komandamız Operativ Qərargahın qərarından sonra bir müddət idi ki, məşqlərə start vermişdi. Bildiyiniz kimi, komandamızın əsas məşq bazası “Şüa” İdman Sağlamlıq Kompleksidir. Lakin qərara əsasən biz orada deyil, açıq havada, Dənizkənarı Bulvar ərazisində məşqlərimizi davam etdirirdik. Təbii ki, uzun fasilədən sonra idmançıları birdən-birə müxtəlif proqramlarla çox yükləmək istəmirdik. Həftədə 3 dəfə keçirilən məşqlərdə əsasən idmançıların fiziki hazırlığını bərpa etməyə çalışırdıq. Lakin bildiyiniz kimi, Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə yenidən qadağa qoyuldu. Mövcud vəziyyətlə əlaqədar olaraq Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadıldı. Təbii ki, bu qərar pandemiyanın ölkəmizdə sürətlə yayılmasının qarşısın almaq məqsədilə atılan bir addımdır. Yəni burada ölkə vətəndaşlarının sağlamlığı əsas götürülür. Hər kəs bu qaydalara riayət etməlidir. Eləcə də idmançılar. Düzdür idmançılarımız məşqlərin başlamasına görə çox sevinirdilər. Lakin neyləmək olar. Gələn həftədən başlayaraq məşqlərimizi yenidən onlayn qaydada davam etdirəcəyik”, - deyə Mixail Timofeyev bildirib.

Texniki, taktiki hazırlıqların ev şəraitində keçirilməsinin çətinliklərindən danışan gənc mütəxəssis bunun üçün hər idmançıda lazımi inventarın olmadığını qeyd edib: “Tennis elə bir idman növüdür ki, ev şəraitində yalnız fiziki hazırlığın müəyyən hissəsini qorumaq olar. Taktiki və texniki hazırlıq səviyyəsini artırmaq üçün isə robotlar və inventarlar lazımdır. İnventar isə bahalı olduğu üçün yalnız 1-2 idmançıda var. Düzdür, biz idmançılarla karantin günlərində hər gün əlaqə saxlayır, onlayn məşqlər keçirik. Amma bu istənilən effekti vermir. İdmançılar əsasən güzgünün qarşısında imitasiya edirlər. Bəzən isə görürsən ki, idmançılar ev şəraitində stollarda məşq keçirlər. Düzdür, bu azyaşlı tennisçilər üçün bir qədər xeyirli ola bilər. Amma peşəkar idmançının bu qaydada məşq etməsi düzgün deyil. Çünki həmin stolların ölçüsü bir qədər fərqli olur.

Pandemiyaya görə digər idman növləri kimi, stolüstü tennis üzrə də bir sıra yarışlar təxirə salındı. Aprel ayında yeniyetmələr arasında Azərbaycan çempionatı, may ayında isə böyüklər arasında Top-16 turniri keçirilməli idi. Lakin bu yarış qeyri-müəyyən vaxta təxirə salındı. Əgər nə vaxt icazə verilərsə, bu yarışlar yenidən təşkil olunacaq. Yerli yarışlardan əlavə tennisçilərimizi sentyabr ayında Xorvatiyada keçirilməsi planlaşdırılan yeniyetmələr arasında Avropa çempionatı gözləyir. Lakin bu yarışla bağlı hələ ki, yekun qərar verilməyib.”

 

Mixail Timofeyev legioner idmançılarımız barəsində də danışıb. O, komandamızın heyətində yer alan çinli legionerlərin hazırda öz vətənlərində olduğunu qeyd edib.

“Komandalarımızın heyətində 8 çinli legioner idmançı var. Bu idmançılar hazırda öz ölkələrindədirlər. Onlar bizdən fərqli olaraq, yanvar ayından karantin rejimindədirlər. Artıq 6 aydır ki, məşqlərini ev şəraitində davam etdirirlər. Həmin idmançılarla tez-tez əlaqə saxlayırıq. Bu günə qədər heç bir çinli idmançımız koronavirusa yoluxmayıb. Bildiyimiz qədəri ilə, orada da qapalı məkanlarda məşqlərə icazə verilmir. Hətta Çinin stolüstü tennis üzrə milli komandası bu səbəbdən məşqlərini Makaoda keçir”, - deyə baş məşqçi bildirib.

 

Azər Əlizadə

 

 

 

 

“Məşqlərimizi yenidən onlayn qaydada davam etdirəcəyik” “Məşqlərimizi yenidən onlayn qaydada davam etdirəcəyik”