Su polosu üzrə ikiqat Olimpiya çempionu Aleksandr Kabanov vəfat edib. Bu barədə Rusiya su polosu Federasiyasının mətbutat xidmətindən məlumat verilib. 73 yaşında həyatla vidalaşan idmançı, SSRİ millisinin tərkibində 1972-ci və 1980-ci illərdə Olimpiya çempionu adını qazanıb. A.Kabanov həmçinin ikiqat dünya çempionu və Avropa birinciliyinin qızıl medalçısıdır. Aleksandr Kabanovun rəhbərliyi altında kişilərdən ibarət Rusiya yığma komandası Olimpiya Oyunlarının gümüş və bürünc medallarına sahib çıxıb, dünya çempionatının üçqat bürünc medalçısı həmçinin Dünya kuboku və Dünya liqasının qalibi olub. Olimpiya çempionunun rəhbərlik etdiyi qadın millisi isə Avropa çempionu adını qazanıb və iki dəfə dünya birinciliyinin bürünc medalına yiyələnib.
Qeyd edək ki, 2001-ci ildə A.Kabanovun adı su idman növləri üzrə Beynəlxalq şöhrət zalına daxil edilib.