Mövlud Mirəliyev: “Çalışacağam ki, yeni işimdə də etimadı doğruldum” -eksklüziv

Mövlud Mirəliyev: “Çalışacağam ki, yeni işimdə də etimadı doğruldum” -eksklüziv

Xəbər verdiyimiz kimi, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub. Əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib. Bir müddət əvvəl Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.

Olimpiyadunyasi.com” və “Olimpinews.az” saytına müsahibə verən Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Mövlud Mirəliyev onu təbrik edən hər kəsə minnətdarlığını bildirib. Məsuliyyətini yaxşı dərk etdiyini deyən Olimpiya mükafatçımız yeni işində də ona göstərilən etimadı layiqincə doğruldacağını deyib.​

“Bu qərarın verilməsi əslində fevralın 27-ə, doğum günümə təsadüf edir. Yəni artıq 4 aydan çoxdur ki, DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektoru vəzifəsində çalışıram. Bu yaxınlarda isə cənab nazirimiz Vilayət Eyvazovun əmri ilə mənə polis polkovnik-leytenantı rütbəsi verilib. Mənə həvalə olunan işin məsuliyyətini yaxşı dərk edirəm. Bu təyinata görə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova minnətdarlığımı bildirirəm. Çalışacağam ki, yeni işimdə də məsuliyyətimlə etimadı doğruldum. Mən hər zaman öz işimdə məsuliyyətli adam olmuşam. Həyatda həmişə nizam-intizama çox üstünlük verirəm. Bu, mənim ailəmdə də belədir. Yəqin ki, buna görə də bu peşəyə məndə maraq var. Qeyd edim ki, 2003-cü ildə Polis Akademiyasında Fiziki Hazırlıq kafedrasının baş müəllimi vəzifəsində işləmişəm. 2004-cü ildə isə Polis Akademiyasında ikinci təhsilimi almışam. Sonra isə Şəmkirə təyinat almışam. Fürsətdən istifadə edib qanunun keşiyində duran, ictimayi asayişin qorunmasında və xüsusilə də son günlərdə pandemiya dövründə fədakarlıqla çalışan polislərimizi dünənki​ peşə bayramı münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bu gün pandemiya ilə mübarizədə həkimlərimiz qədər polislərimizin də üzərinə böyük yük düşür. Onlara bu mübarizədə uğurlar arzulayıram.”

Mövlud Mirəliyev həmçinin pandemiya ilə mübarizədə Azərbaycan xalqına üz tutaraq, sosial izolyasiya qaydalarına əməl etməyi və sağlamlıqlarının qeydinə qalmalarını xahiş edib: “Pandemiya bu gün dünya ölkələrinə çox böyük mənfi təsirlər göstərir. Təəssüf ki, Azərbaycan da pandemiyanın yayıldığı ölkələr sırasındadır. Ölkəmizdə bu virusa qarşı ciddi şəkildə mübarizə tədbirləri həyata keçirilir. Bu vəziyyətin hələ nə qədər davam etməsi isə heç kəsə məlum deyil. Amma hər şey bizim özümüzdən asılıdır. Çalışıb birgə olmalı, dövlətimizin pandemiyaya qarşı apardığı mübarizə tədbirlərinə dəstək olmalıyıq. Atılan bütün addımlar hər birimizin sağlamlığı üçün nəzərdə tutulub. Hər bir kəs özünün və ailəsinin sağlamlığını düşünərək qaydalara riayət edərsə, bu virusa qalib gəlmək olar. Belə məqamda həkimlərimizi, polislərimizi alqışılamaq lazımdır. Onlar da çalışırlar ki, xalqımız sağlam olsun. Polis orqanlarında çalışan bir şəxs və idmançı kimi xalqımıza üz tutub demək istəyirəm ki, öz sağlamlıqlarının qeydinə qalsınlar. Gördüyünüz kimi, virusdan nə qədər insan əziyyət çəkir. Belə hallarla qarşılaşmamaq üçün sosial məsafə saxlayıb, maskalardan istifadə etmək lazımdır. Zəruri olmadığı hallarda isə evdən çıxmasınlar. İnanıram ki, xalqımız bu bəladan da qurtulacaq və yenidən həyatımız öz axarına düşəcək. ​

Azər Əlizadə

 

Mövlud Mirəliyev: “Çalışacağam ki, yeni işimdə də etimadı doğruldum” -eksklüziv Mövlud Mirəliyev: “Çalışacağam ki, yeni işimdə də etimadı doğruldum” -eksklüziv