Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsinin səkkizdəbir final yarışı keçirilib. Yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə rəqibi çinli Venjun Ju ilə mübarizədə 2,5:7,5 hesabla məğlub olaraq çıxışını dayandırıb.
G.Məmmədzadənin bundan əvvəl Qran-Prinin birinci və ikinci mərhələlərində çıxışı da uğurlu alınmayıb.
Səkkizdəbir finalın digər görüşlərinə gəldikdə, Rusiya şahmatçıları Aleksandra Kostenyuk həmyerlisi Olqa Qirya, Yekaterina Laqno Bibisara Asyabayeva (Qazaxıstan), Hindistan şahmatçısı Humpi Koneru həmyerlisi Vayşali Rameşbabu, çinli Hou Yifan Turmunx Munxzul (Monqolustan), Anna Uşenina (Ukrayna) Deysi Kori (Peru), Harika Dronavali (Hindistan) Tatev Abrahamyan (ABŞ), Sarasadat Hademalşarieh (İran) İrina Kruş (ABŞ) üzərində qələbə qazanaraq dörddəbir finala vəsiqə qazanıblar.
Qran-Pri 4 mərhələ üzrə keçiriləcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.