Fevralın 1-də "Venesiya" hotelində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komitəsinin sədri Xəzər İsayevin 50 illik yubileyinə həsr olunmuş "Xəzərin Xəzər dünyası" adlı kitabın təqdimat mərasimi keçirildi.
Tədbirdə Xəzər İsayevlə yanaşı, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktorunun müavini, Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının məsul katibi Səlhət Abbasova, "Xəzərin Xəzər Dünyası" kitabının müəllifi Minadi Mikayılov və KİV nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının məsul katibi Səlhət Abbasova kitab haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. "Bildiyiniz kimi, bu kitab Azərbaycan idman tarixinə adını qızıl hərflərlə yazdıran Xəzər İsayevdən bəhs edir. Biz kitabın təqdimatı ilə idman ictimaiyyətinə Azərbaycan dövlətinin idmana olan marağını və bu sahəyə verdiyi dəyərləri qeyd etmək istəyirik. İlk növbədə, Xəzər İsayevi 50 illik yubley münasibəti ilə təbrik edirəm. Xəzər müəllim idman sahəsində çox böyük uğurlar əldə edib. İnanıram ki, bundan sonra da bu uğurlar davam edəcək", - deyə Səlhət xanım bildirdi. Sonra söz kitabın müəllifi Minadi Mikayılova verildi. Minadi müəllim də Xəzər İsayevi 50 illik yubiley münasibəti ilə təbrik edərək dedi: "İdman çox dərin bir sahədir. İdmanın bir sıra növləri və xüsusi terminləri var. Bu kitab yazılanda da bütün bunları nəzərə alınıb. Dövlətimizin əsas atributlarından biri olan bayrağımızın beynəlxalq arenalarda yüksəklərə qalxması idmançıların adı ilə bağlıdır. Mənim əsərimin qəhrəmanı Xəzər İsayev də belə idmançılardan biridir. Mən 35 ildir ki, idmanın sərbəst güləş növü ilə məşğul oluram. Həmçinin sərbəst güləş üzrə idman ustasıyam. Bu illər ərzində Xəzər İsayevin keçirdiyi bütün görüşləri, əldə etdiyi nailiyyətləri izləmişəm. Buna görə də bu kitabda Xəzər İsayevin qazandığı uğurları, həyat və yaradıcıllıq fəaliyyətini qələmə almışam. Kitabda həmçinin idman korifeyləri, onların fəaliyyəti, qazandıqları nailiyyətlər, o cümlədən dövlət məmurlarının və digər ziyalıların təbrikləri də yer alıb. Bu gün Xəzər müəllimin 50 yaşı tamam olur. Çalışmışam ki, 50 illik yubileyi ilə əlaqədar olaraq, Xəzər İsayevə bu kitabı hədiyyə edim", - deyə o bildirdi. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komitəsinin sədri Xəzər İsayev tədbir iştirakçılarını salamladıqdan sonra kitab haqqında KİV nümayəndələrinə məlumat verdi. "Kitabda Ağdaş rayonundan başlayaraq, orta məktəbdə oxuduğum illər, institut həyatım, idman həyatımda əldə etdiyim nailiyyətlərlə yanaşı, ictimai fəaliyyətlə məşğul olduğum dövrlər də öz yerini tapıb. Kitabda mənim idman sahəsində əldə etdiyim nailiyyətlər, dövlət təltiflərim və müxtəlif ölkələrdən ünvanıma gələn təbriklər əks olunub. Biz həm sözlərlə, həm də şəkillərin dili ilə bu kitabı ərsəyə gətirmişik.Kitabın ərsəyə gəlməsində bütün əməkdaşların əməyini yüksək qiymətləndirir və onlara təşəkkürümü bildirirəm. Fikrimcə, kitab gənc nəsilə çox gözəl nümunə olacaq. Belə bir kitabın çap olunması gələcəkdə yeni-yeni kitabların ərsəyə gəlməsinə bir başlanğıcdır. Bundan əlavə, eyni məzmunda olan miniatur kitab da oxucularımızın ixtiyarına veriləcək. Bu gün mənim üçün daha bir sevindirici məqam ondan ibarətdir ki, yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edildim. Bunun üçün cənab prezidentimizə minnətdarlığımı bildirirəm. Bu mənim üçün şərəfli və məsuliyyətlidir. Çalışacağam ki, bundan sonra da mənə göstərilən etimadı layiqincə doğruldum", - deyə Xəzər İsayev bildirdi.