Cəzaçəkmə müəssisəsində keçirilən turnirin qalibi bəllidir

Cəzaçəkmə müəssisəsində keçirilən turnirin qalibi bəllidir

Bu gün Milli Olimpiya Komitəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə layihəsi əsasında 15 saylı cəzaçəkmə müəssisəsində mini futbol turniri başa çatdı. Turnir Ədliyyə Nazirliyinin yaranmasının 95 illiyinə həsr olunmuşdu.
İyulun 30-dan avqustun 2-dən davam edən yarış 1, 6, 10 və 15 saylı cəzaçəkmə müəəsisələrinin əməkdaşları arasında təşkil olundu. Matç yeni istifadəyə verilmiş süni meydançada keçirildi.
3-cü yer uğrunda oyunda 6 və 10 saylı cəzaçəkmə müəssisələrinin komandaları qarşılaşdı. Birincilərin üstünlüyü şəraitində keçən oyun onların 3:0 hesablı qələbəsi ilə başa çatdı.
Həlledici mərhələdə isə 1 və 15 saylı cəzaçəkmə müəssisələrinin komandaları münasibətlərinə aydınlıq gətirdilər. Matç 1 saylı cəzaçəkmə müəəsisəsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşdı.
Final mərhələsindən sonra mükafatlandırma mərasimi keçirildi. Mərasimdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini, Ədliyyə polkovnik-leytinantı İntiqam Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi, Ədliyyə polkovnik-leytinantı Raqif Məmmədov və digər rəsmi şəxslər iştirak etdi. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar, xatirə hədiyyələri və kubok təqdim edildi.
Qeyd edək ki, oyunları AFFA-nın hakimi Heydər Quliyev idarə etdi.
Rahib Səmədov