Avqustun 20-25-də Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilər arasında dünya çempionatı keçiriləcək. Yarışa hazırlıq məqsədi ilə yeniyetmələrdən ibarət güləş üzrə yığma komandamız təlim-məşq toplanışlarında iştirak edir. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.Qeyd edək ki, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında yığma komandanın 20 üzvünün cəlb edildiyi təlimlər avqustun 17-dək davam edəcək.
Yeniyetmə sərbəst güləşçilər isə avqustun 6-dan etibarən Qusar Olimpiya İdman Kompleksində taktika və texnikanın təkmilləşdirilməsi üzrə növbəti təlim-məşq toplanışına başlayacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Rövşən Hacıyev və Marian Stoyevin rəhbərlik etdiyi təlim-məşq toplanışında 22 güləşçi iştirak edəcək. Təlim-məşq toplanışı avqustun 20-dək davam edəcək.
Məlumat üçün bildirək ki, yeniyetmə qızlardan ibarət komandanın 5 üzvü məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynanın Krivoy-Roq şəhərində birgə təlim-məşq toplanışında iştirak edib. İyulun 22-dən başlayan təlimlər bu gün başa çatıb.