Avqustun 3-4-də Polşanın paytaxtı Varşavada Vladislav Pitlasinskinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Turnirdə 3 idmançı ilə təmsil olunan yığma komandamız bir bürünc medal qazanıb. 60 kq çəkidə mübarizə aparan Taleh Məmmədov ilk görüşdə Bolqarıstanlı İvo Angelovu mübarizədən kənarlaşdırıb - 9:7. Təmsilçimiz növbəti mərhələdə ukraynalı Andrey Çmutu 8:3 hesabı ilə məğlubiyyətə uğradıb. 1/4 finalda isə Qazaxıstan güləşçisi Yerbol Kikbayevə qalib gələn pəhləvanımız (4:0) yarımfinala yüksəlib. Təəssüf ki, güləşçimiz bu mərhələdə uğurlu çıxışını davam etdirə bilməyib. Polşa güləşçisinə məğlub olan təmsilçimiz bürünc medal uğrunda döyüşə çıxıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisi Mingiyan Semyonova qalib gələn idmançımız (6:1) bürünc medala layiq görülüb.
Digər təmsilçilərimiz Rafiq Hüseynov (84 kq) və Şamil Ertuqanov (74) isə uğursuz çıxış edərək turniri medalsız başa vurublar.
Məlumat üçün qeyd edək ki, turnirdə yarışların idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.