“Ətəkli Bubka”nın karyerasından maraqlı anlar

“Ətəkli Bubka”nın karyerasından maraqlı anlar

Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva bu il Moskvada keçiriləcək dünya çempionatından sonra karyerasını başa çatdıracağını deyib. Məşhur rusiyalı atletin karyerası ərzində baş verən 10 ən maraqlı anları oxuculara təqdim edirik.

1. Yelena İsinbayeva idman karyerasına idman gimnastikası bölməsində başlayıb. 5 yaşında olarkən valideynləri onu bu bölməyə gətiriblər. İsinbayeva 15 yaşına qədər idman gimnastikası ilə məşğul olub. Gələcəyin Olimpiya çempionu bu bölmədən "perspektivi olmayan idmançı” kimi uzaqlaşdırılıb.

2. İsinbayeva şüvüllə tullanma növünə təsadüfən düşüb. Onun gimnastika üzrə məşqçisi televizorda qadınların şüvüllə tullandığını görüb və keçmiş yetirməsini atletika yığmasının məşqçisi Yevgeni Trofimovla tanış edib. Beləliklə, Yelena İsinbayeva öz bacarığını atletikada göstərməli olub.

3. Onun şüvüllə tullanma növü ilə məşğul olmağa başladığı gün maraqlı hadisə baş verib. Yelenadan soruşublar: "Sən Bubkanı tanıyarsan?” Sözsüz ki, söhbət şüvüllə tullanma üzrə Olimpiya və dünya çempionu Sergey Bubkadan gedirdi. Lakin məşhur idmançını tanımayan Yelena İsinbayeva "O qadın kimdir ki?”, - deyə cavab verib. Sən demə, o, Sergey Bubkanın qadın olduğunu düşünürmüş. Bu məsələdən bir neçə il sonra biri-birinin ardınca dünya rekordları qazanan İsinbayevaya "ətəkli Bubka” ləqəbini veriblər.

4. Rusiyalı atlet şüvüllə tullanma növündə çox surətlə yüksək nəticələr qazanıb. Bu növdə ilk böyük qələbəsini o, 1998-ci ildə əldə edib. 6 ay sonra isə Moskvanın "Lujniki” stadionunda keçirilən Yeniyetmələrin Ümumdünya Oyunlarında hamıdan üstün olub. İkiqat Olimpiya çempionunun çıxış edəcəyi sonuncu yarış -atletika üzrə dünya çempionatı məhz "Lujniki”də keçiriləcək.

5. Qadınların şüvüllə tullanma üzrə yarışları Olimpiya oyunlarının prqramına ilk dəfə Sidney-2000 Olimpiadasında daxil edilib. Qadınlar arasında bu növdə birinci Olimpiya çempionu ABŞ idmançısı Steysi Draqiba olub (4,60 m). Həmin vaxt 18 yaşı olan İsinbayeva Olimpiya oyunlarında iştirak etməyib. Lakin rusiyalı atlet elə həmin il gənclər arasında dünya çempionu tituluna layiq görülüb (4,20 m).

6. 2001-ci ildə İsinbayeva gənclər arasında yeni dünya rekordu qazanıb - 4,46 m. Elə həmin ildən sonra o, rekordlarını sıralamağa başlayıb. 2003-cü il iyulun 13-də keçirilən yüngül atletika spartakiadasında Yelena böyüklər arasında özünün ilk rekordunu əldə edib -4,82 m.

7. 2004-cü ildə İsinbayeva ilə onun təcrübəli həmyerlisi Svetlana Feofanova arasında əsil "rekord savayı” başlayıb. "Duel”in kuliminasiya nöqtəsi Pekin-2004 Yay Olimpiya Oyunlarında olub. Belə ki, Feofanova Pekində 4,75 metr hündürlüyə tullanıb. İsinbayeva isə, iki dəfə səddi aşa bilməyib. O, üçüncü cəhddə 4,80 metr nəticə göstərib. Bu nəticə ilə Olimpiya çempionu titulunu qazanan Yelena elə həmin yarışda 4,91 metr hündürlüyü fəth etməklə yeni rekord əldə edib.



8. 2005-ci ilin iyul ayını Yelena İsinbayevanın "rekordlar ayı” saymaq olar. İyulun 7-də 4,93 m hündürlüyə tullanan rusiyalı atlet, iyulun 16-da 4,95 m nəticə göstərib. İyulun 22-də isə Yelena 4,96 m hündürlüyə tullanmağı bacarıb. Elə həmin gün Yelena İsinbayeva şüvüllə tullanma üzrə qadınlar arasında ən böyük uğura nail olub - 5 metr.

9. Ümumilikdə, Yelenanın hesabında 28 dünya rekordu var. Sonuncu rekord 2012-ci il fevralın 23-də qeydə alınıb. Bununla belə, "ətəkli Bubka” Sergey Bubkanın göstərdiyi nəticələrə çata bilməyib. Qeyd edək ki, əfsanəvi atlet Sergey Bubka karyerası ərzində 53 dünya rekorduna sahib çıxıb.

10. Şübhəsiz ki, İsinbayevanın idman karyerasında uğursuz günlər də olub. Məsələn, 2010-cu ilin aprel ayında örtülü stadionda keçirilən dünya çempionatında, o, hətta mükafatçılar sırasında yer ala bilməyib. Bu uğursuzluqdan sonra Yelena bir müddət heç bir yarışda iştirak etməyib. Bununla belə, o, söz verib ki, 2011-2013-cü illərin dünya çempionatında və London-2012 Olimpiadasında qalib gəlmək üçün mübarizəyə qoşulacaq. "Böyük qayıdış” 2011-ci ilin fevralında olub. Lakin İsinbayeva verdiyi vədin ikisini yerinə yetirə bilməyib: DÇ-2011-də medalsız qalan məşhur idmançı London Olimpiadasında bürünc medal alıb. Yelena İsinbayeva deyib ki, bu il Moskvada təşkil olunan dünya çempionatından sonra idmandan birdəfəlik gedəcək. Amma rusiyalı atletin Rio-de-Janeyro Olimpiadasında mübarizə aparmaq istəyi var.