Hokkeyçilərimizin uğurlu startı

Hokkeyçilərimizin uğurlu startı

Xəbər verdiyimiz kimi, avqustun 5-də Avstriyanın paytaxtı Vyana şəhərində otüstü hokkey üzrə Avropa çempionatının II divizionunda yüksək dəstəyə vəsiqə qazanmaq uğrunda mübarizə başlayıb.
Ölkəmizin kişi otüstü hokkeyçilərdən ibarət milli komandası da Avstriyaya yola düşüb. Yığmamız qarşıdakı məsul yarışa baş məşqçi Saleh Hüseynovun rəhbərliyi altında ciddi hazırlıq prosesi keçib. Hokkeyçilərimiz son təlim-məşq toplanışlarını İtaliya, Çexiya və Polşada keçərək həmin ölkələrin milli komandaları ilə bir sıra sınaq oyunlarında da qüvvələrini sınayıblar. Axırıncı təlim-məşq toplanışını Bakıda keçirən yığmamız avqustun 2-də Vyana şəhərinə yollanıb. 


"A” qrupunda yer alan kişi hokkeyçilərimizin rəqibləri Şotlandiya, Uels və Fransa komandaları olacaq. "B” qrupuna isə İtaliya, Avstriya, Ukrayna və Rusiya milliləri daxildir. Dünən milli komandamız Şotlandiya yığması ilə qarşılaşıb. Daha yaxış oyun göstərən hokkeyçilərimiz 3:0 hesabı ilə qələbə qazanıblar. Digər qrupda Uels yığması Fransa yığması ilə üz-üzə gəlib. Fransızlar bu oyunda 7:2 hesabı ilə üstün olublar. Bu gün Azərbaycan milli komandası uelsli rəqibləri ilə qarşılaşacaq.
Xatırladaq ki, qruplarda ilk iki yeri tutanlar növbəti mövsümdən qitənin 8 ən güclüsü sırasında yarışmaq hüququ verən 2 vəsiqə uğrunda mübarizə aparırlar. III-IV yerlərdə qərarlaşanlar isə III diviziona düşməmək üçün 5-8-ci yerlər uğrunda yarışacaqlar.