"Portu" çempion oldu

"Portu" çempion oldu

Futbol üzrə Portuqaliya kubokunun final görüşü keçirilib. "Syudad-di-Koimbra" stadionunda iki əzəli rəqib — “Portu” və “Benfika” klubları üz-üzə gəlib. Görüş “Portu”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Portu” matçın 37-ci dəqiqəsində azlıqda qalıb. Hücumçu Luis Dias ikinci sarı vərəqədən sonra meydandan qovulub. Serjio Konseysaunun komandası rəqibin sayca üstünlüyünə baxmayaraq, müdafiəçi Şansel Mbembanın qolu sayəsində ikinci hissənin əvvəlində hesabı açmağa müvəffəq olub. Bu qoldan 12 dəqiqə sonra Mbemba dubl edib.
Oyunun sonlarına yaxın “Benfika”nın hücumçusu Vinisius Morais penalti zərbəsi ilə hesab arasındakı fərqi azaldıb. Qalan dəqiqələrdə hesab dəyişilməyib.
Beləliklə, "Portu" 17-ci dəfə Portuqaliya kubokunun qalibi olub. "Əjdahalar" indi titulların miqdarına görə "Sportinq"lə ikinci yeri bölüşürlər.
Xatırladaq ki, Portuqaliya çempionatının qalibi də məhz “Portu” olub. “Benfika” isə çempionatı ikinci pillədə başa vurub.