Ömrünü şam kimi gilə-gilə əridən insan

Ömrünü şam kimi gilə-gilə əridən insan



Murad Fərzəliyev
Əməkdar jurnalist,
«Olimpiya dünyası» qəzetinin baş redaktoru


Dünyanın əşrəfi olan insanı Allah bütün canlılardan fərqli olaraq, daha mükəmməl yaradıb. Tanrının xüsusi şövqlə, böyük məhəbbətlə yaratdığı insanları doğru yola yönəltmək üçün isə peyğəmbərlər və dini kitablar göndərib. Əslində bu dünya insan üçün sınaq meydanıdır. Bəlkə də elə ömürün mənası da insanın öz yaradanı qarşısında bu çətin sınaqdan necə çıxmasından asılıdır. Kimi öz yaxşı əməlləri, xeyirxahlığı, səmimiliyi, dürüstlüyü, nəfsinə qalib gəlməsi, Allaha itaəti və təqvalı olması nəticəsində bu sınaqdan üzüağ çıxır, kimi də bu dünyanın ötəri, heç kimə qalmayan bər-bəzəyinə aldanıb dünya malının əsirinə çevrilərək nəfsinə alçalır, pisliyi, namərdliyi, nankorluğu özünə peşə seçərək bu işıqlı dünyanı üzüqara tərk edir. Ancaq bu dünyaya ilahi qüvvə tərəfindən elə bir nizam verilmişdir ki, kimsənin bu nizamı pozmağa nə cürəti, nə də qüdrəti çata bilməz. Nə yaxşı ki, mərdlər namərdlərdən, yaxşılar pislərdən, xeyirxahlar bədxahlardan, ürəyi geniş insanlar paxıllardan, etibarlı olanlar etibarsızlardan, aqillər cahillərdən çoxdur. Əbəs yerə deməyiblər ki, bu dünyanı xeyirxah və müdrük insanlar xilas edəcək.
Bizimlə eyni dövrdə yaşayan, gündəlik həyatımızda bu və ya digər şəraitdə üz-üzə gəldiyimiz, bəzən lazımınca dəyərləndirə bilmədiyimiz, lakin gələcəyin xilaskarı ola biləcək insanlar kifayət qədərdir. Bizim borcumuz belə insanlara layiq olduqları dəyəri vaxtında vermək və onları qorumaqdır. Ən azı insanlığın, gələcək nəsillərin, dünyamızın xilası naminə bunu sonraya qoymamalıyıq. Etiraf edək ki, zamanın amansız sınaqlarına, gündəlik iş və məişət qayğılarına başımız qarışdığından ətrafımızdakı əməlisaleh, yaxşı, xeyirxah insanları bəzən vaxtında lazımınca dəyərləndirə bilmir, onlara yetərincə diqqət ayırmırıq. Əslində bütün ömrünü Allahın buyurduğu mənəvi, insani dəyərlərə uyğun yaşayanların kimlərinsə onu necə dəyərləndirmələrinə bəlkə də ehtiyacları yoxdur. Çünki belə insanlar hər bir əməllərini Allah xatirinə görür və mükafatını da Ondan gözləyirlər. Ancaq cəmiyyət də yaxşılara, mərdlərə, etibarlı olanlara, istedadlılara, aqillərə biganə qalmamalı, ən azı ədalət və örnək olası baxımından onlara layiq olduqları qiyməti verməlidir. Bu bizim- mənim, sənin, onun insanlıq borcudur. Mən xeyirxah, əməlisaleh insanlar haqqında ədalətlə, səmimiyyətlə danışmağı həmişə savab əməllərdən hesab edirəm.Düşünrəm ki, məhz bu mənada Dilqəm Quliyev haqqında səmimiyyətlə öz ürək sözlərimi bildirməklə həm də savab əməllərimin sayını artırmış oluram.
Səmimi, etibarlı, dürüst, nəfsinə qalib gəlməyi bacaran, təmkini və səbri sayəsində öz məqsədinə doğru addım-addım irəliləyən insanlardan biri də Dilqəm Quliyevdir. Doğrusu onun haqqında danışmaq o qədər də asan deyil. Çünki zamanın bütün sınaqlarından üzüağ çıxan bu insan haqqında nə qədər xoş sözlər danışsan da, yenə də nəyisə deməyə ehtiyac olacaq, yenə də nəsə deyilməmiş qalacaq. Qeyd etdiyim kimi, öz ömrünü əsl insan kimi yaşayanların onlar haqqında kimlərinsə nəsə deməsinə bəlkə də ehtiyacları olmur. Belə insanlar bütün yaxşı əməllərini və xeyirxahlıqlarını, təəssüf ki, bəzən çoxlarının anlamadıqlarına baxmayaraq, təmənnasız edirlər. Bu sadəcə olaraq, onların həyat normasına çevrilir. Dilqəm müəllim elə insanlardandır ki, Tanrı ona hər şey- geniş ürək, etibar, səmimiyyət, ədalət, istedad, bir sözlə, insana xas olan bütün keyfiyyətləri əsirgəmədən verib. O, həqiqət və ədalət naminə susmayaraq, sözünü birbaşa deyə bilir. Bu, insan üçün mühüm mənəvi keyfiyyətlərdən biri olsa da, etiraf etmək lazımdır ki, cəmiyyət bu insani keyfiyyətləri qəbul etməkdə bəzən çətinlik çəkir. Çünki, necə deyərlər, həqiqət bəzən acı olur.Ancaq Dilqəm müəllim kimi mübariz insanlar pafosdan, yalançı diletantlıqdan uzaq olduqları üçün öz haqq yollarından heç bir zaman geri çəkilmirlər. Elə bu səbəbdən də belə insanlar bəzən cəmiyyətdə birmənalı qəbul olunmur, müxtəlif fikirləri adamların müzakirə obyektinə çevrilirlər. Səmimiyyətlə deyərdim ki, Dilqəm Quliyev kimi şəxsiyyətlər öz məsləkləri yolunda şam kimi gilə-gilə əriyən Ovod əqidəli insanlardır. Belə insanlar zamanın amansız sınaqlarında nəinki yalnız öz bütöv şəxsiyyətlərini ləyaqətlə qoruyub saxlayır, eyni zamanda bütün mənəvi keyfiyyətləri ilə başqalarına nümunə, örnək ola bilirlər. Bütün dövrlərdə olduğu kimi, bu gün də çağdaş cəmiyyətimizin məhz belə fədakar insanlara böyük ehtiyacı var. Dilqəm Quliyev Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının İdman Tarixi Elmi Mərkəzinin derektoru vəzifəsində çalışır, pedaqoji elmlər doktoru, professordur, müxtəlif mövzulara həsr olunmuş yüzdən çox kitabın, çoxsaylı məqalələrin müəllifidir. Etiraf edək ki, təkcə bir insan ömründə bunları etmək o qədər də asan deyil. Bu qədər kitab yazmaq, çapa hazırlamaq sayız yuxusuz gecələr, məsuliyyət, mərhumiyyət və. s deməkdir. Ancaq Dilqəm müəllim bu kitabları yazarkən nə gördüyü işin maddi tərəfi, nə də digər təltiflər barədə düşünməyib. Sadəcə olaraq, bir ziyalı, alim, cəfakeş müəllim yanğısı ilə içindən gələn daxili bir tələbatla düşündüklərini, bildiklərini, idmanımızın tarixi üçün əvəzsiz mənbə olanları indiki və gələcək nəsillərə çatdırmaq istəyib. Doğrusu, bəzən mən Dilqəm müəllimin idmanımızın tarixini bu qədər səbrlə, təmkinlə və ən əsası da böyük məsuliyyətlə araşdırmasına, ipə-sapa düzməsinə qibtə edirəm. İş günü olub-olmamasından asılı olmayaraq bəzən günlərlə, aylarla istirahət etmədən idman və Olimpiya Hərəkatı ilə bağlı tarixi mənbələri araşdırmaq, ölkəmizdə idmanın inkişaf tarixinin nəbzini əlində saxlamaq o qədər də asan iş deyil. Ancaq o, bu işdən zövq alır, elə bil ki, bu məşğuliyyət, bu yaradıcılıq onu yaşadır, ona ruh, qol-qanad verir.
Dilqəm Quliyev ömrün 70-ci baharını arxada qoydu. Bahar sözünü ona görə vurğulayıram ki, məhz belə insanlar öz tükənməz mənəvi keyfiyyətləri ilə ömrün bütün fəsillərinə bahar təravəti, bahar ətri, bahar gözəlliyi verməyi bacarırlar. Əlbəttə, müasir dövrdə 70 il bir insan ömrü üçün o qədər də az vaxt deyil. Bu ömrü yaşanan illərin mənasına və məzmununa görə də təsnifatlandırsaq, onda bu illərin sayı bir neçə dəfə artmış olacaq. Məzmununa, dəyərinə görə Dilqəm müəllimin ömrünə nəzər salsaq onun 70 il deyil, yaşanan illərin mənasına görə bəlkə də bir neçə dəfə artıq yaşadığını demək mümkündür. Bu mənada həmişə mənə nədənsə elə gəlib ki, Dilqəm müəllim yaşından ancaq zahiri görkəminə görə cavan görünüb, onun daxilində isə bəlkə də bir neçə nəslin yaşaya biləcəyi saysız-hesabsız duyğular, xeyirxah arzular məskən salıb. Çünki Dilqəm müəllim elə insanlardandır ki, onun yaxşı əməlləri, ictimai fəaliyyəti, dəyərli insani keyfiyyətləri bir insan ömrünə sığa bilməz. Məhz belə insanlar sağlam cəmiyyətin formalaşmasında, necə deyərlər, donor rolunu oynayırlar. Cəmiyyət belə insanlardan örnək götürərək, gələcəyə nikbinliklə baxır. Professor Dilqəm Quliyevin ömür yolu nümunələrlə zəngindir, onu doğmalarına, dostlarına, cəmiyyətə sevdirən də elə bu zənginlikdir. O, buna baxmayaraq, hər zaman öyrənməyə, daha böyük zirvələrə can atır, uca zirvələr onu qoynuna çəkir. Başqa cür də ola bilməz. Məhz Dilqəm müəllim kimi insanlar həm həyatın, həm ömrün, həm də cəmiyyətin zirvələrində qərar tutaraq, başqalarına da nümunə olmağı bacarırlar. Bu, sadəcə olaraq, onların taleyidir. Hər bir insan öz taleyini yaşayır. Tanrının razılığını qazanan insanlar isə bu taleyi yalnız özləri üçün deyil, bəzən əsrləri adlayıb gələcək nəsillər üçün də yaşayırlar. Dilqəm müəllim mənim nəzərimdə öz ömrünü gələcək nəsillər üçün, necə deyərlər, şam kimi gilə-gilə əridən dəyərli insanlardandır.
Yeri gəlmişkən, Dilqəm müəllim alim, tədqiqatçı, pedaqoq və ziyalı olduğu qədər də analitik təfəkkürə malik cəfakeş jurnalistdir. O, bu peşəni öz sənətində nəsə əldə edə bilməyib, zorən özlərini «jurnalist» elan edənlərdən fərqlı olaraq, sözün həqiqi mənasında yaradıcı jurnalistdir. O, istər idman tarixi ilə bağlı, istərsə də digər mövzularda yazdığı kitablarında, məqalələrində həmişə bir qayda olaraq, istinad etdiyi ilkin mənbələri, müəllifləri xüsusi ardıcıllıqla, səliqə ilə qeyd edir. Bu, daha çox vicdan, əqidə, halallıq məsələsidir. Axı əsl jurnalist peşə etibarilə həm də ictimai xadimdir. Dilqəm müəllim bu mənada da başqalarına örnək olası, görk olası və mənim ən çox hörmət etdiyim jurnalistlərdən- ictimai xadimlərdən biridir.
Qeyd etdiyim kimi, Dilqəm müəllim haqqında nə qədər xoş sözlər desən də, yenə nə isə unudulacaq, nə isə deyilməmiş qalacaqdır. Doğurdan da, onun haqqında yenə də nəsə deyilməmiş qaldı, yenə də nəyisə deyə bilmədim. Məni Dilqəm müəllimlə çox səmimi dostluq münasibətləri bağlayır. Biz idmanın, Olimpiya Hərəkatının təbliği sahəsində çox tez-tez müxtəlif istiqamətlərlə bağlı səmərəli müzakirələr aparır, qarşılıqlı fəaliyyət göstəririk. Əlbəttə, mən bu faydalı birgə işimizdən də söhbət aça bilərdim. Bu şəxsi münasibətlərimizlə bağlı sonda ona görə danışıram ki, yuxarıdakı qeydlərimin tərəfsiz və səmimi olduğuna heç kəs şübhə etməsin. Daha çox öz müşahidələrimə, gəldiyim qənaətlərə əsaslanaraq Dilqəm müəllimin insani, mənəvi keyfiyyətləri haqqında danışmağı lazım bildim. Ancaq bir təsəllim də var ki, yaşanmamış on illiklər hələ qarşıdadır və «Hər kim yüz il yaşamasa, günah onun özündədir». Mən əziz dostumun günahsız olduğuna və cəmiyyətimiz üçün dəyərli fəaliyyəti naminə ən azı 100 yaşa qədər günaha batmayacağına inanıram. Sizi təbrik edir, ən xoş və səmimi arzularımı bildirirəm. Tanrı Sizi qorusun, Dilqəm müəllim!