Arif Qeybiyev 44 günlük haqq savaşımızda yağıya qarşı son nəfəsinə qədər döyüşüb, 23 yaşında Vətən, torpaq uğrunda canını fəda edib. Odur ki, şərəfli ölümü ilə ölümsüzlük qazanan Arifin ömür yolu qısa olsa da, amma şərəfli və örnək sayılasıdır.
Qəhrəman Vətən sevdalısı Arif Qeybiyev Astara rayonunun Səncərədi kəndində dünyaya göz açıb. O, Astara Pedaqoji Kollecini bitirib. Lap kiçik yaşında idmanın qaçış növünə maraq göstərib. Sonralar qatıldığı yarışlarda qazandığı uğurlarla tanınıb-sevilib. Belə ki, Arif 3 km məsafəyə qaçışda 2 qat Azərbaycan çempionu və gümüş medalçısı, Azərbaycan Kubokunun 1500 metr məsafəyə qaçışda qızıl, 800 metr məsafəyə qaçışda gümüş medalçısı, Avropa Təsnifat yarışlarının iştirakçısı olub.
Astaranın igid oğlu şəhid Arif müddətdən artıq hərbi xidmət qulluqçusu və tankçı kimi Vətən müharibəsinin ilk günündə ağır döyüşlərə qatılıb və qəhrəmancasına şəhadətə qovuşub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, Fizulinin, Xocavəndin azadlığına görə medallarına layiq görülüb.
İndi cismən aramızda olmasa da, qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna çevrilib, qəlblərdə yaşayan Arif həmişə xalq tərəfindən yad edilir, xatirəsi əziz tutulur. Elə Astarada keçirilən Atletika idman növünün şose qaçışı üzrə ölkə çempionatı (“Arif Qeybiyev” memorialı) onu adı ilə bağlı idi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təsdiq etdikləri əsasnaməyə və təqvim planına uyğun olaraq Astara Dənizkənarı Park Bulvar Kompleksində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Atletika idman növünün şose qaçışı üzrə ölkə çempionatın açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, yarışın icraçı direktoru, ”Azərbaycan Respublikasının əməkdar məşqçisi” Kamal Əhmədov, zəfər şəhidinin anası Rəna Quliyeva çıxışlarında Arifin idmançı kimi yüksək nailiyyətləri, döyüşlərdə qəhrəmanlığı və yüksək insani keyfiyyətləri haqqında danışdılar, onun yaddaşlarda və Azərbaycan tarixində əbədi qalacağını bildirdilər.
Sonra Azərbaycanının ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladların xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Şose qaçışında 9 komandanın—Bakı Trikids, Bakı UTR, Gəncə, Lənkəran, Astara, Xaçmaz, Xızı, Bərdə, Gədəbəy şəhər və rayonlarını təmsil edən 54 nəfər idmançı mübarizəyə qatılmışdı. Yarışda əvvəlcə qızlar 500 metr, oğlanlar 1000 metr məsafədə öz güclərini sınadılar.
500 metr məsafəyə qızlar arasında birinci yeri 1dəqiqə 30 san. qaçan xaçmazlı Marina Sayadova tutdu. Həmin məsafəni 1 dəqiqı 45 san. başa vuran Bakı Trikids idmançısı Deniz ikinci oldu. III yerə Fatma Abdullazadə (Astara) - 2 dəqiqə 00 san. sahib çıxdı.
1000 metr məsafəyə oğlanlar arasında qaçışda I yeri Loğman İsrafilli (Bakı UTR) - 2 d.42 san, II yeri Rinad İbrahimov (Gəncə) - 2d.50 san, III yeri Sənan Bayramov (Gəncə ) - 2d.57 san qazandılar.
Yekunda qaliblərin təltifetmə mərasimi keçirildi.
Böyük əzmlə mübarizə aparıb fəxri yerləri qazanan idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının diplom, medal və hədiyyələrinə layiq görüldülər.