Avropa Liqasında 1/4 finlaçılar müəyyənləşdi

Avropa Liqasında 1/4 finlaçılar müəyyənləşdi

Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. İkinci oyun günündə də 4 qarşılaşma baş tutub.

Şotlandiyada “Reyncers”i 3:1 hesabı ilə məğlub etmiş “Bayer” bu üstünlüyü Almaniyadakı oyunda da qoruyub və növbəti mərhələyə yüksəlib.
Bu görüşlə eyni saatda start götürən digər matçda İspaniya “Sevilya”sı ilə İtaliya “Roma”sı münasibətlərinə aydınlıq gətirib. Bu klublar arasında ilk oyun pandemiya səbəbindən təxirə salınmışdı. Bu üzdən də tərəflər cütün qalibini neytral meydanda - Almaniyada keçiriləcək tək oyunda müəyyənləşdirib. Daha inamlı İspaniya təmsilçisi 1/4 finala adlayıb.
Frankfurtda “Ayntraxt”ın qapısından 3 cavabsız top keçirmiş “Bazel” Almaniyadan olan rəqibini İsveçrədə də üstələyib.
Gecənin digər oyununda isə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi İngiltərə “Vulverhempton”u Yunanıstan “Olimpiakos”unu qəbul edib. Minimal hesabla üstün olan Britaniya təmsilçisi mərhələ adlayan tərəf olub.

Avropa Liqası

1/8 finalın cavab oyunları

6 avqust

Bayer (Almaniya) - Reyncers (Şotlandiya) 1:0
Qol: Dyabi, 51.
İlk oyun - 3:1

Sevilya (İspaniya) - Roma (İtaliya) 2:0
Qol: Reqilon, 22. En Nesiri, 44.
İlk oyun keçirilməyib

Bazel (İsveçrə) - Ayntraxt (Almaniya) 1:0
Qol: Frey, 88.
İlk oyun - 3:0

Vulverhempton (İngiltərə) - Olimpiakos (Yunanıstan) 1:0
Qol: R.Ximenes, 9-pen.
İlk oyun - 1:1.

Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin ilk 4 oyunu avqustun 5-də keçirilib. Danimarka “Kopenhagen”i Türkiyə çempionu “Başakşehir”i iki oyunun yekununda (0:1, 3:0) üstələyərək, mərhələ adlayıb. İngiltərə “Mançester Yunayted”i Avstriya LASK-ına hər iki qarşılaşmada (5:0, 2:1) qalib gəlib. 1/4 finalda “Mançester Yunayted” “Kopenhagen”lə görüşəcək. Ukrayna “Şaxtyor”u Almaniya “Volfsburq”undan hər iki qarşılaşmada (3:1, 3:0) üstün olub. “Şaxtyor” 1/4 finalda “Bazel”lə qarşılaşacaq. İspaniya “Xetafe”sindən güclü olan (2:0) İtaliya “İnter”i isə növbəti mərhələdə “Bayer”lə görüşəcək. “Vulverhempton” da “Sevilya”ya rəqib olub.