İranə Əhmədova: “Könüllülük gənclərin inkişafı üçün mühüm platformadır”

İranə Əhmədova: “Könüllülük gənclərin inkişafı üçün mühüm platformadır”

Son dövrdə ölkəmizdə könüllülük hərəkatı xüsusilə yüksək templə inkişaf etməkdədir. Gənclər aktiv fəaliyyətlərini müxtəlif qurumlarda mövcud könüllülük proqramlarına qoşulmaqla həyata keçirirlər. 2016-cı ildən keçirilən Formula 1 yarışlarının könüllülük proqramı da məhz gənclərin inkişafını təmin edərək onların yarışlara yüksək səviyyədə hazırlanması prosesini reallaşdırır. Bu işdə Bakı Şəhər Halqası Akademiyasında təşkil edilən xüsusi proqramlar böyük rol oynayır. Akademiyada gənclərin fərdi və peşəkar inkişafını təmin etməklə onların sağlam gələcək karyeralarının uğurlu şəkildə qurulması istiqamətində mühüm işlər görülür. Könüllülük prosesi gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, onların yeni bilik və bacarıqlara yiyələnməsi, yeni dostlar qazanması, fərdi və peşəkar bacarıqlarını inkişaf etdirməsi baxımından mühümdür.
Bu sözləri  “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) İnsan resursları və işçi qüvvəsi şöbəsinin və BŞH Akademiyasının rəhbəri İranə Əhmədova deyib.
İ.Əhmədova bildirib ki, bu gün müxtəlif özəl və dövlət qurumlarının nəzdində könüllülük proqramları mövcuddur. Hər bir proqramın əsas məqsədi xidmət sahəsində könüllülərin dəstəyindən istifadə etməklə bu sahəni daha da gücləndirməkdir. Sözsüz ki, könüllülər fəaliyyətə başlamazdan əvvəl bu istiqamətdə ciddi seçim mərhələsindən keçir, xüsusi təlim və seminarlarda iştirak edirlər. Məhz belə təlim və seminarlar vasitəsilə könüllülər yeni biliklər əldə edir və bu bilikləri sonradan peşəkar fəaliyyətlərdə tətbiq etmək şansı qazanırlar.
“Təsadüfi deyil ki, bu gün bir çox özəl və dövlət qurumu yeni kadrları işə cəlb edərkən onların könüllü fəaliyyətində iştirakı ilə maraqlanırlar. Kadrın könüllü fəaliyyətinin olması onun məsuliyyətinin, vaxtını səmərəli keçirdiyinin və komandada işləmə bacarığına yiyələndiyinin birbaşa göstəricisidir.
Könüllülük, eyni zamanda, ölkəmiz və xalqımız üçün vacib olan məsələlərdə bir səsdən çıxış edə bilməkdir. Tovuzda baş verən son hadisələrdə bütün fəal gənclər kimi, könüllülər də sakit dayanmadılar, sosial şəbəkələrdə virtual müharibəyə qoşularaq ölkəmizin maraqlarının təmin olunması istiqamətində yüksək fəallıq göstərdilər və hazırda da bu sahədə yorulmadan işlərinə davam edirlər. Könüllülük gənclərin inkişafı üçün mühüm platformadır və bu platforma bilikli, bacarıqlı, məsuliyyətli və ən əsası vətənpərvər gənclərin yetişməsində əvəzolunmaz rol oynayır”, - deyə İ.Əhmədova əlavə edib.