Avqustun 10-11-də Polşanın Spala şəhərində qadın güləşi üzrə "Poland Open” 17-ci beynəlxalq turnir keçirilib.Baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında turnirdə 6 güləşçimiz - Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), İrina Netreba (63 kq), Natalya Palamarçuk (67 kq) və Gözəl Zutova (72 kq) iştirak edib. Pəhləvanlarımız 1 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında beşinci olublar.
Təmsilçilərimizdən Gözəl Zutova (67 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub. O, almaniyalı Alien Foceken, Polşa güləşçisi Daria Osocka və Rusiya idmançısı Anastasiya Şçavlinskaya üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Digər güləşçimiz Yuliya Ratkeviç (59 kq) mübarizəyə qazaxıstanlı Dquliya Satimbekova üzərində qələbə ilə başlayıb. Lakin pəhləvanımız növbəti görüşdə Macarıstan güləşçisi Marianna Sastinə məğlub olub. Rəqib idmançının finala yüksəlməsi idmançımızın medal qazanmağa olan şanslarını saxlayıb. Təsəlliverici görüşdə Tunis təmsilçisi Marva Amrini, həlledici görüşdə isə Kanada güləşçisi Katleen Kenti üstələyən Yuliya Ratkeviç turnirin bürünc medalına layiq görülüb.