Komandamız Avropa çempionatında
tam heyətlə iştirak edəcək

Komandamız Avropa çempionatında tam heyətlə iştirak edəcək

“Ölkəmizdə sərtləşdirilmiş karantin rejiminin ikinci dəfə yumşaldılmasından sonra Azərbaycanın Olimpiya idman növləri üzrə bəzi milli komandaları kimi cüdoçularımız da açıq havada məşqlərə start veriblər. Operativ Qərargahın qoyduğu tələblərə uyğun olaraq məşqlər açıq hava şəraitində - Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir. İdmançılar məşqlərdə əsasən, fiziki təmrinlər üzərində çalışırlar”.
Bu sözləri “Olimpiya dünyası” qəzetinə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib. Federasiya rəsmisi noyabr ayında Praqada cüdo üzrə böyüklər arasında Avropa çempionatının keçiriləcəyini və bu yarışda Azərbaycan idmançılarının da iştirak edəcəyini bildirib. “Noyabrın 8-10-da Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı təşkil olunacaq. Bu qitə çempionatı Tokio-2020-yə lisenziya xarakteri daşıyacaq. Buna görə də bu yarış cüdoçularımız üçün həlledici bir sınaqdır. Komandamız qitə çempionatına hazırlığını davam etdirir. Düzdür məşqlər hələlik açıq havada keçirilir. Təlim-məşq toplanışına gəlincə isə bu, Operativ Qərargahın qərarından asılı olacaq. Qapalı məkanlarda məşqlərə icazə verilən gündən zalda hazırlıqlara başlayacağıq. Komandamız karantin rejiminin ikinci dəfə yumşaldılmasından sonra hələ ki, yüngül məşqlərlə kifayətlənir. Bu, əsasən, idmançılarımızın tam formadan düşməməsi üçündür. Yəni hazırda cüdoçularımız fiziki hazırlığa üstünlük verirlər. Karantin tam ləğv olunsa, bütün yığma komandalar, o cümlədən gənclər və yeniyemələr yenidən öz bazamızda təlim-məşq toplanışına start verəcək”, - deyə Elmar Babanlı qeyd edib. Federasiyanın baş katibi Avropa çempionatında komandamızın tam heyətlə mübarizə aparacağını bildirib. “Yarışa hələ bir neçə ay var. Ona görə də əvvəlcədən yarışın keçirilib-keçirilməməsi ilə bağlı hər hansısa bir söz demək olmaz. Yəqin ki, yarışa az müddət qaldıqda bu məsələlərə aydınlıq gələcək. Avropa Cüdo Birliyi bildirir ki, bu, daha çox yarışı keçirəcək ölkədə olan epidemioloji vəziyyətdən asılıdır. Həmin ölkənin hökumət orqanları yarışın keçirilməsinə icazə verəcəksə, onda çempionat təşkil olunacaq. Amma hələ ki, yarışın keçirilməsi böyük sual altındadır. Bununla belə komandamız ehtiyatı əldən vermir, hazırlıqlarını davam etdirir. Avropa çempionatına yollanacaq heyət də təqribi olaraq müəyyən olunub. Komandanın məşqçilər heyəti bu yarışda tam heyətlə iştirak etməyi düşünür. Kişilərin yarışında 7 çəki üzrə 9 nəfərin iştirak etməsinə icazə verilir. Düşünürük ki, bu yarışda komandamızın əsas üzvlərinin hamısı bütün çəki dərəcələrində tam olaraq təmsil olunsunlar. Komandamızın həmçinin qadınların yarışında da da tam heyətlə çıxış edəcəyi gözlənilir. Bu çempionat uzun fasilədən sonra təşkil olunacaq ilk yarış olacaq. Praqa sınağı Olimpiya ərəfəsində idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və lisenziya xallarının qazanılması üçün çox əhəmiyyətlidir. Bundan başqa payızda MDB Oyunlarının da keçiriləcəyi gözlənilirdi. Bildiyiniz kimi, bu yarışın proqramına cüdo idman növü də daxildir. Amma MDB Oyunları 2021-ci ilə təxirə salındığına görə həmin yarışlara hazırlıq prosesi müvəqqəti olaraq dayandırılıb”, - deyə Elmar Babanlı qeyd edib.

Azər Əlizadə