«Neftçi» İSM-in idman xronikası

«Neftçi» İSM-in idman xronikası


«Neftçi» İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinin rəhbəri Tofiq Ataxanoğlunun olimpnews.az-a verdiyi məlumata görə, avqustun 8-də ABŞ-ın Mayami ştatında start verilmiş cüdo üzrə yeniyetmələr arasında dünya çempionatına yekun vurulub. Planetin 91 ölkəsindən 608 yeniyetmə cüdoçunun mübarizə apardığı yarış gərgin idman mübarizəsi şəraitində keçib.
Qızların mübarizəsində «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin yetirməsi Leyla Əliyeva (40 kq) yalnız həlledici final mərhələsində Yaponiya idmançısına məğlub olaraq gümüş medal qazanıb. Qeyd edək ki, xanım cüdoçumuz 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb.


Cüdo:
Almaniyanın paytaxtı Berlində isə gənc cüdoçular arasında Avropa kuboku keçirilib. Mərkəzin təmsilçisi, 60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə qitə kubokunun bürünc medalına sahib olub.


Güləş:
Polşanın Spala şəhərində sərbəst güləş üzrə Vaçlav Zialkovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb. Sərbəst güləş yığmamız yarışda 3 qızıl, 1 gümüş və 1 bürünc medala yiyələnərək komanda hesabında 64 xalla 1-ci yeri tutub. Millimizin əldə etdiyi uğurda «Neftçi» İSM-in pəhləvanları da böyük pay sahibi olublar. Belə ki, mərkəzin güləşçilərindən Ağahüseyn Mustafayev (66 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Əşrəf Əliyev (74 kq) isə gümüş medala layiq görülüb.



Nərd:
7-8 avqustda «Neftçi» İSM-in təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən «Geofizika» istirahət mərkəzində neft, qaz və kimya sənayesinin istirahətdə olan işçiləri arasında növbəti nərd yarışı keçirilib. Mərkəzin icraçı direktoru Sadıq Sadıqovun xüsusi göstərişi ilə təşkil olunan yarışın əsas məqsədi neftçilərin və onların ailə üzvlərinin istirahətinin daha da səmərəli keçməsini təmin etmək olub. «Azəriqaz» İstehsalat Birliyi, Gəmi Təmiri Zavodu, «Neftçi» İSM, «Azneft» İstehsalat Birliyi və Ə.Əmirov adına NQÇİ-nin işçilərinin qatıldığı yarış «uduzub çıxma» sistemi ilə keçirilib. Yekun nəticəyə görə, Anar Əliyev (Ə.Əmirov adına NQÇİ) nərd yarışının qalibi adını qazanıb. Rəşad Əmrahov («Neftçi» İSM) 2-ci, Asif Bağırov (Gəmi Təmiri Zavodu) isə 3-cü yerə çıxıb.
1-ci, 2-ci və 3-cü yeri tutmuş iştirakçılara «Neftçi» İSM-in xatirə hədiyyələri təqdim olunub.

«Neftçi» İSM-in mətbuat xidməti