Soçi-2014: “Şimal soyuğu”nun Olimpiya hərarəti

Soçi-2014: “Şimal soyuğu”nun Olimpiya hərarəti


2014-cü ildə Rusiyanın Soçi şəhərində təşkil ediləcək XXII Qış Olimpiya Oyunlarına az vaxt qalır. Qonşu Rusiya Olimpiya oyunlarına ikinci dəfədir ki, ev sahibliyi (bir dəfə yay, bir dəfə qış) edir. Məlumdur ki, XXII Yay Olimpiya Oyunları 1980-ci ildə Moskvada təşkil edilmişdi. Maraqlıdır ki, hər iki olimpiadanın sayca nömrəsi XXII və yaxud 22-dir.
Ötən il AOK-un 40-cı Baş Assambleyasına ev sahibliyi edən Soçi şəhəri 2014-cü ildə XXII Qış Olimpiya Oyunlarının iştirakçılarını və qonaqlarını qarşılayacaq. Məşhur turizm mərkəzi fevralın 7-dən 23-nə kimi dörd ildən bir təşkil edilən möhtəşəm idman bayramına ev sahibliyi edəcək. Qeyd edək ki, Soçi şəhəri XXII Qış Olimpiya Oyunlarının paytaxtı olmaq hüququnu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2007-ci ilin iyulunda Qvatemalada keçirilən
119-cu sessiyasında qazanıb. Vankuver-2010 Qış Olimpiadasından sonra BOK-un prezidenti Jak Roqq Olimpiya bayrağını Soçi şəhərinin meri Anatoli Paxomova təhvil verib.
Qeyd edək ki, yarışlar, əsasən, Olimpiya parkında və Krasnaya Polyanada keçiriləcək. XXII Qış Olimpiya Oyunlarında idmançılar 15 idman növü üzrə 84 dəst medal uğrunda yarışacaqlar.


Soçi-2014 Olimpiadasının medal reytinqi
Rusiyanın məşhur "Sport Ekspress” qəzetinin internet saytında "Soçi-2014 Qış Olimpiya Oyunlarının medal reytinqi” adlı rubrika yaradılıb. İlkin proqnozlara görə, reytinq cədvəlində Norveç idmançıları liderlik edirlər. Ümumi rəyə əsasən, Skandinaviya yığmasının Soçi-2014 Olimpiadasında 35 medal qazanacağı gözlənilir. Maraqlıdır ki, bu medallardan 16-nın qızıl olacağı proqnozlaşdırılır. Reytinqdə ikinci yerdə ABŞ (12 qızıl medal), üçüncü yerdə isə Almaniya (9 qızıl medal) qərarlaşıb. XXII Qış Olimpiya Oyunlarının ev sahibi Rusiya isə, hələlik 5 qızıl medalla 5-ci pillədə yer alıb.

XXII Olimpiadanın qaliblərinə meteorit veriləcək
XXII Qış Olimpiya Oyunlarının qaliblərinin müəyyən hissəsinə, Çelyabinsk şəhərinin yubileyi şərəfinə əlavə meteorit medal təqdim ediləcək. Qeyd edək ki, "Çelyabinsk” adı verilən meteorit bu il fevral ayının 15-də yerə düşüb. Yerə düşən meteoritin zərbə dalğası Çelyabinsk şəhərində evlərin şüşələrini sındırıb və 1,6 min adama ziyan vurub.
Bu xüsüsi medalın fevralın 15-də yarışda iştirak edən və qalib gələn idmançılara veriləcəyi planlaşdırılır. Bu, meteoritin yerə düşməsi gününə təsadüf edir.
"Biz medalları həmin gün qızıl medal almış bütün idmançılara təqdim edəcəyik. Axı meteorit də olimpiada kimi dünya əhəmiyyətli hadisədir”, - deyə Ural vilayətinin mədəniyyət naziri Aleksey Betextin bildirib.

Olimpiya obyektlərinin tikintisində yeyinti aşkar edilib
Krasnodar prokurorluğu Soçi-2014 Qış Olimpiya Oyunlarına hazırlıq çərçivəsində burada aparılan tikinti işlərində yeyinti halına rast gəldiyini açıqlayıb. Bu barədə məlumatı Krasnodar vilayətinin prokuroru Leonid Korjinek verib. Olimpiya obyektində aparılan yoxlamalar 170 milyon rus rublunun mənimsənildiyini aşkar edib. Prokurorluq yoxlamadan sonra 17 Olimpiya obyektinin tikintisində meydana çıxan ləngimə hallarının aradan qaldırıldığını bildirib.


Olimpiya çempionu Soçi-2014-ün məşəlini daşıyacaq
Soçi-2014 Qış Olimpiya oyunlarının Təşkilat Komitəsi olimpiadanın məşəlini ilkin mərhələdə daşıyacaq idmançıların adlarını açıqlayıb. Siyahıda bədii gimnastika üzrə ikiqat Olimpiya çempionu rusiyalı Yevgeniya Kanayevanın da adı var. Təcrübəli gimnast Olimpiya məşəlinin daşınması kimi məsuliyyətli bir işin ona həvalə edilməsindən qürur duyduğunu deyib. "Heç vaxt inanmazdım ki, mənim də adım bu siyahıda olacaq. Bu, mənim üçün fəxrdir. Olimpiya oyunları mənim doğma vətənimdə keçiriləcək. Rusiyanın ən tanınmış idmançıları məşəli daşıyacaqlar. Belə insanlarla bir yerdə olmaq çox xoşdur”, - deyə Yevgeniya Kanayeva bildirib. Soçi-2014 Qış Olimpiya Oyunlarının məşəlini daşıyanlar arasında Udmurtiyanın məşhur "Buranovlu nənələr” ansamblının 74 yaşlı üzvü Qalina Koneva da yer alacaq. Ansamblın mətbuat katibi Svetlana Sırıgina deyib ki, Koneva gəncliyində idmanla məşğul olub. Belə ki, o, xizəksürmə və atletika üzrə birinci dərəcəyə malikdir.
"Ansamblın bütün üzvləri məşəl estafetində iştirak etməyə dəvət olunmuşdu. Lakin onlardan yalnız Qalina Koneva keçmiş idmançı olduğu üçün məşəlin daşınması 74 yaşlı bu müğənniyə həvalə olundu. Koneva estafet zamanı məşəli 200-300 metr məsafədə daşıyacaq. Təşkilatçılar Qalinanın həmin məsafəni qaçaraq deyil, adi yerişlə qət etməsinə razılıq veriblər”, - deyə mətbuat katibi bildirib.


Polo qış Olimpiya oyunlarının proqramına daxil edilə bilər
Moskvanın "Polo-idman klubu”nun prezidenti Aleksey Rodzyanko polo idman növünün qış Olimpiya oyunlarının proqramına daxil edilə biləcəyini deyib. Qeyd edək ki, polo üzrə yarışlar 1936-cı ilə qədər yay Olimpiya oyunlarının proqramında nümayiş etdirilib.
Rodzyankonun dediyinə görə, hazırda bu növün qış olimpiadasının proqramına daxil edilməsi ilə bağlı müzakirələr aparılır: "Düzdür, qış polosu o qədər də inkişaf etməyib. Yarışlar cəlbedici olmur. Amma polonun Olimpiya oyunlarının proqramında yer alması bu növün inkişafına və azarkeşlər tərəfindən sevilməsinə imkan yaradacaq”.
Məlumat üçün bildirək ki, hazırda Rusiyada polo növü ilə yalnız Sankt-Peterburq, Kazan şəhərlərində və Moskva vilayətində məşqlər keçirilir. Bu növlə ABŞ-da 30 min, Argentina və Böyük Britaniyada isə 10-15 min nəfər məşğul olur. Polonun populyarlıq qazanmaması bu idman növü üzrə klubların yaradılmasının yarım milyon dollara başa gəlməsi ilə bağlıdır.

Qara dəniz donanması təhlükəsizliyi qoruyacaq
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Solçi-2014 Qış Olimpiya Oyunlarının təhlükəsizliyi Qara dəniz donanması tərəfindən təmin olunacaq. Onun sözlərinə görə, Olimpiya oyunlarında təhlükəsizliyin təminatının əsas məsuliyyəti məhz Rusiya Müdafiə Nazirliyinin üzərinə düşəcək. Qara dəniz donanması tikintisi başa çatdırılan ayrı-ayrı Olimpiya obyektlərini qoruyacaq. Bu donanmanın qoruyacağı digər idman qurğularında isə, hazırda tamamlama işləri aparılır.

Biletlərlə bağlı yeni qanun imzalanıb
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçi-2014 Qış Olimpiya və Paralimpiya Oyunlarının biletlərinin qiyməti və satışı ilə bağlı qanun imzalayıb. Qanuna görə, biletlərin qiyməti Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müəyyənləşdiriləcək. Yeni qanunda saxta bilet satışı ilə məşğul olan vətəndaşlar və təşkilatlar barəsində maddə yer alıb. Qanunları pozan insanlar inzibatı məsuliyyət daşıyacaqlar. Qeydə alınan qanun pozuntularına 10 gün ərzində məhkəmədə baxılacaq.

Zəlzələ Olimpiya obyektlərinə ziyan vurmayıb
Rusiyanın Krasnodar vilayətində baş verən zəlzələyə görə, Soçinin Olimpiya obyektlərində yoxlamalar aparılır. Mütəxəssislər bu qurğulara dəyən ziyanı müəyyənləşdirirlər. "Struna” diaqnostik kompleksin köməyi ilə aparılan yoxlamalar obyektlərdə zəlzələ nəticəsində əmələ gələn çat və çöküntüləri dəqiqləşdirir. Təşkilat Komitəsinin verdiyi məlumatda "Dağ Olimpiya kəndi”ndə inşa edilən heç bir obyektə ziyan dəymədiyi bildirilib.


Qış Olimpiya oyunlarının talismanları
Əvvəllər Olimpiya oyunlarının orijinal simvolu yalnız həlqələrdən və Olimpiya məşəlindən ibarət idi. 1972-ci ilin yayında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Münhendə (Almaniya) keçirilən 73-cü sessiyasında "Olimpiya maskot”u (talismanı) anlayışı rəsmi olaraq təsdiq edildi. Olimpiya oyunlarının maskotu olimpizm prinsiplərini inkişaf etdirmək və oyunların təbliğinə kömək üçün nəzərdə tutulub. Bu maskot ölkənin mədəniyyətini əks etdirən və müasir Olimpiya Hərəkatının dəyərlərini simvolizə edən fantastik varlıq ola bilər.
Hər Olimpiya oyunlarının öz maskotu olur. Qeyd edək ki, hər Olimpiya oyunu üçün simvol seçimi 1968-ci ildən başlayıb. Seçilmiş maskot Beynəlxalq Olimpiya Komitəsinin İdarə Heyətinin yekun qərarı ilə təsdiq edilir. Soçi Qış Olimpiya Oyunlarının talismanları 2011-ci ildən tanıdılmağa başladı. Ümumiyyətlə, BOK-un qərarına əsasən Olimpiya talismanları 3 il əvvəlcədən tanıdılır.
1968-ci ildə Qrenoblda (Fransa) keçirilən Qış Olimpiya Oyunlarının talismanı xizəkçi oyuncaqlar seçildi. Əslində, bu oyuncaqların əks olunduğu sinə nişanları və fiqurlar satış üçün hazırlanmışdı. Lakin bu əşyalar elə populyar oldular ki, onlar oyunların qeyri-rəsmi talismanına çevrildilər.

Sapporo-1972 (Yaponiya) Qış Olimpiya Oyunlarının talismanı yox idi. Buna baxmayaraq, həmin il Münhendə (Almaniya) keçirilən yay Olimpiya oyunları zamanı talisman kimi "Waldi” maskotu seçildi. Bu, rəsmi Olimpiya talismanları ənənəsinin başlanğıcı oldu.
1976-cı ildə İnsbrukda (Avstriya) təşkil olunan qış Olimpiya oyunu zamanı "qar adamı” talisman kimi seçildi.
Leyk-Plesid (ABŞ-1980) qış Olimpiya oyunlarının "Roni Racoon” olub.
Sarayevo -1984 (Yuqoslaviya) qış Olimpiya oyunlarının talismanı "canavar balası” idi. Bu simvol haqqında fikirlər müxtəlif idi. Çünki canavar, ənənəvi olaraq, yırtıcı obraz sayılır. Lakin bu simvolu tərtib edənlər "canavar balası”nı təbiətə, heyvanlara yardım göstərən bir simvolik varlıq kimi tanıtmışdı.
Kalqari-1988 (Kanada) qış Olimpiya oyunları üçün "Hidy və Houdi” adlı ağ ayılar talisman kimi seçilmişdi. Onların hekayələrinə görə, ayılar bacı-qardaşdırlar və onların adları "salam” sözündən götürülüb.
Albertville-1992 (Fransa) qış Olimpiya oyunlarını talismanı dağ keçisi idi.
1994-cü ildə Norveçin Lillehammer şəhərində keçirilən qış Olimpiya oyunlarında talismanlar ilk dəfə insan obrazı ilə ifadə olunmuşdu. Bunlar Norveç folklorundan olan Hakon (oğlan) və Kristin (qız) bacı-qardaşları idi.
Naqano-1998-də (Yaponiya) Sukki, Nokki, Lekki və Tsukki adlı bayquş balaları Olimpiya talismanı seçilmişdi. Onlar müdrikliyi və ilin dörd fəslini simvolik formada əks etdirirdi. Onların adları Yaponiyanın 47,484 min sakini tərəfindən Təşkilat Komitəsinə təqdim edilmişdi. Maraqlıdır ki, məhz Naqanodakı Olimpiya oyunlarından sonra yay və qış Olimpiya oyunlarının talismanlarının sayında dəyişiklik oldu.
Solt-Leyk-Siti-2002 (ABŞ) qış Olimpiya oyunlarını talismanları dovşan və Amerika canavarı idi. Onların təsvirləri şəhərin əsas gəlir mənbələri olan mis və kömürü əks etdirirdi.
Turin-2006 (İtaliya) qış Olimpiya oyunlarının talismanı "Qartopu Neve” və "Glizi” adlı buz dənəciyi idi. Onların əsas keyfiyyətləri ruh yüksəkliyi, idmana maraq və ətraf mühitə qayğı hissi yaratmaq idi. Təsvirlər dizayner Pedro Albuqerqe tərəfindən hazırlanmışdı.
Vankuver-2010 (Kanada) qış Olimpiya oyunlarının talismanı "Miga”, paralimpiya oyunlarının talismanı isə "Sumi” adlanırdı.
Hazırladılar:
Hürrü Abdullayev,
Azər Əlizadə