Yunan-Roma güləşçilərimiz dünya çempionatında ikinci oldular

Yunan-Roma güləşçilərimiz dünya çempionatında ikinci oldular


Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin dünya çempionatı davam edir. Sərbəst, yunan-Roma və qadın güləşi növü üzrə təşkil olunan yarışda Azərbacan pəhləvanları da qüvvəsini sınayır. Artıq yunan-Roma güləşi üzrə keçirilən yarışlara yekun vurulub.
Böyük məşqçi Şaban Donat və məşqçi Akif Əliyevin rəhbərliyi altında keçirilən yarışda yunan-Roma güləşçilərimiz Ramiz Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Ceyhun Əliyev (74 kq), Orxan Nuriyev (84 kq), Tural Daşdəmirov (96 kq) və Abbas Abdullayevlə (120 kq) təmsil olunublar.
Pəhləvanlarımız turniri 1 gümüş və 3 bürünc medalla başa çatdırıblar.
Təmsilçilərimizdən Elman Muxtarov (60 kq) çempionata 1/8 final mərhələsindən qoşulub. İlk görüşdə macarıstanlı Mate Krazsnaini 9:3 hesabı ilə məğlub edən idmançımız 1/4 finala yüksəlib. Bu mərhələdə Qırğızıstan pəhləvanı Urmatbek Amatovu üstələyən (6:1) Elman yarımfinalda iştirak etmək hüququ qazanıb. Təəssüf ki, təmsiçimiz yarımfinalda ermənistanlı güləşçi Karen Aslanyana məğlub olub. Üçüncü yer uğrunda görüşə çıxan Elman Rusiya təmsilçisi Artur Süleymanova qalib gələrək turnirin bürünc medalına layiq görülüb.
Çəkisi 74 kq olan güləşçilərin yarışında iştirak edən Ceyhun Əliyev mübarizəyə 1/8 finaldan qoşulub. İlk görüşdə Latviya güləşçisi Sergey Mironovsu asanlıqla məğlub edən (8:0) güləşçimiz növbəti mərhələdə qazaxıstanlı Abunassir Omirzakdan güclü olub - 6:0. Yarımfinalda Ukrayna güləşçisi Andrey Antonyuka məğlub olan pəhləvanımız bürünc medal uğrunda görüşə çıxıb. Həlledici mərhələdə qırğızıstanlı Samat Şirdakov üzərində qələbə qazanan idmançımız fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Yarışların ikinci günündə isə çəkisi 55 kq, 66 kq, 84 kq və 120 kq olan yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.
84 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev 1/16 finaldan start götürüb. İlk görüşündə macarıstanlı Zoltan Keri üzərində 6:3 hesabı ilə qələbə qazanan güləşçimiz 1/8 finalda Qazaxıstan təmsilçisi Rəşid Koçiyevdən üstün olub - 7:3. Təəssüf ki. güləşçimiz növbəti görüşdə İran idmançısı Yusif Əhməd Qaderiana məğlub olub. Rəqibinin finala yüksəlməsi güləşçimizin bürünc medal qazanmaq şanslarını artırıb. Təsəlliverici görüşə çıxan Orxan Nuriyev Makedoniya güləşçisi Timur Xamikoyevə tam üstünlüklə qalib gəlib. Həlledici mərhələdə Türkiyə təmsilçisi Doğan Göktaş üzərinndə inamlı qələbə qazanan pəhləvanımız komandamıza növbəti bürünc medalı qazandırıb.
Çəkisi 120 kq olan idmançıların yarışında isə Abbas Abdullayev finala qədər Ukrayna təmsilçisi Vladislav Noşaç, iranlı Behnam Şajaeiağadam və ABŞ təmsilçisi Samuel Paul Stol üzərində inamlı qələbə qazanıb. Lakin güləşçimiz uğurlu çıxışını davam etdirə bilməyib. Həlledici mərhələdə rusiyalı rəqibi Sergey Semyonova məğlub olan Abbas gümüş medala sahib çıxıb.
Digər güləşçilərimiz Ramiz Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Ruhin Mikayılov (66 kq) və Tural Daşdəmirov (96 kq) turniri medalsız başa vurublar.
Ümumilikdə, bir gümüş və üç bürünc medal qazanan yunan-Roma güləşçilərimiz 47 xal toplayaraq komanda hesabında dünya ikincisi olublar. 65 xal toplayan Rusiya güləşçiləri birinci, 42 xala malik olan İran yığması isə üçüncü yeri tutublar.
Dünən isə çempionatda qadın güləşçilərimiz mübarizəyə başlayıblar. Böyük məşqçi Arif Fərmanov və məşqçi Həsrət Məmmədyarovun başçılığı altında çempionatda Şəfəq Muradzadə (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Almaz İsmayılova (55 kq), Raqnetta Qurbanzadə (63 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edirlər.
Çempionatının son iki günündə sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar. Komandamız yarışda böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 8 idmançı ilə təmsil olunacaq. Yığmamızın heyətində Ruslan Qasımov (50 kq), Ruslan Surxayev (55 kq), Əhmədnəbi Qvarzatilov (60 kq), Hacımurad Ömərov (66 kq), Bəxtiyar İsrafilli (74 kq), Məhəmməd Abdulxaliqov (84 kq), Hacı Şərifov (96 kq) və Əli Maqomedabirov (120 kq) yer alıblar.
Məlumat üçün qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi Olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edir.
Xatırladaq ki, buyaxınlarda Makedoniyanın Skopye şəhərində təşkil olunan gənclər arasında qitə çempionatında sərbəst güləş yığmamız birinci, yunan-Roma güləşi yığmamız isə ikinci olmuşdu.