Xəbər verdiyimiz kimi, oktyabrın 28-də erməni silahlı qüvvələri Bərdə şəhərinin mərkəzini "Smerç” tipli reaktiv raketlərdən atəşə tutub. Mülki əhalinin məhvinə yönəlmiş qətliam zamanı 21 nəfər həyatını itirib, 70-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı çox sayda infrastruktura, eləcə də Bərdə Olimpiya İdman Kompleksinə ziyan dəyib. Bu barədə məlumat əldə etmək üçün kompleksin direktoru Qabil Məmmədovla əlaqə saxladıq. Qabil müəllim hadisə zamanı kompleksə ciddi ziyan dəydiyini bildirdi.
"Oktyabrın 28-də günorta radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalarından istifadə edilməklə zərbələr endirildi. İnsanlığa sığmayan bu terror nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb. Zərbənin təsiri nəticəsində həmçinin şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə, həmçinin rəhbərlik etdiyim Bərdə Olimpiya İdman Kompleksinə ciddi ziyan dəyib. Düzdür, hadisə zamanı kompleksin ərazisində olan şəxslər arasında xəsarət alan olmasa da, partlayış nəticəsində binanın tavanı, əltutulanlar, plastik pəncərələr, qapılar eləcə də üzgüçülük hovuzu tamamilə sıradan çıxıb. KIV nümayəndələri hadisə yerindən çəkilişlər aparıblar. Eyni zamanda aidiyatı qurumların əməkdaşları da hadisə ilə bağlı araşdırmalar aparıblar.
Mənfur düşmən xalqımıza qarşı törətdiyi bu hərbi cinayət əməlləri ilə atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozmuş oldu. Onlar yenə də atəşkəs rejiminə əməl etməməklə öz xislətini nümayiş etdirdi, döyüş bölgəsində istifadə olunması nəzərdə tutulan silahları dinc əhaliyə qarşı çevirdi. Bu artıq erməni terrorçularının növbəti vəhşiliyidir. Düşmən bundan bir gün əvvəl də atəşkəs rejimini pozaraq, Bərdənin Qarayusifli kəndini "Smerç” tipli raket atəşinə məruz qoymuşdu. Həmin hadisə zamanı 5 nəfər dünyasını dəyişdi, 11 nəfər isə yaralandı. Təəssüf ki, beynəlxalq qurumlar bu hadisələrə hələ də səssiz qalırlar. İnanıram ki, bu hadisələrin qisasını müzəffər Ordumuz tezliklə cəbhə bölgəsində alacaq”, - deyə Qabil Məmmədov bildirib.
Terror hadisəsi zamanı Bərdə Olimpiya İdman Kompleksinə də ziyan dəyib