“Ölkə çempionatının başlanma vaxtı uzadıla bilər”

“Ölkə çempionatının başlanma vaxtı uzadıla bilər”

Ötən mövsüm voleybol üzrə Azərbaycan Super-liqası gərginliyi ilə yadda qaldı. Belə ki, əvvəl yalnız bir və yaxud iki komanda çempionluq uğrunda mübarizə aparırdısa, bu mövsüm həmin komandaların sayı artmışdı. Çempionat başlamamışdan əvvəl bir neçə komanda güclü voleybolçuları transfer edərək heyətini gücləndirmişdi. Bu da başa düşülən idi. Çünki, hər bir komanda çempion olmaq iddiasında idi. "Azərreyl”, "Rabitə”, "Lokomotiv” və "İqtisadçı” komandaları ilk oyunlardan fəallıq nümayiş etdirməyə başladılar. Son illərin dəyişilməz çempionu olan "Rabitə” rəqiblərinə nisbətən güclü təsir bağışlayırdı. Birinci və ikinci dövrədə əsas mübarizə "rabitəçilər” ilə "İqtisadçı” komandası arasında getdi. Lakin "tələbələrin” mübarizəsi çox çəkmədi. Komandanın heyətində bir neçə dəfə baş məşqçi dəyişildi. Bu da, komandaya öz təsirini göstərə bilməzdi. Beləliklə, "İqtisadçı” çempionluq uğrunda mübarizədən bir xeyli uzaqlaşdı. "Azərreyl” komandası da, çempionat başlamamışdan əvvəl iddialı görsənirdi. "Dəmiryolçular” ardıcıl olaraq bir neçə turda qalib gəldi. Lakin onlar da bu uğuru sonadək qoruya bilmədi. Ardıcıl olaraq itirilən xallar komandanın turnir cədvəlindəki mövqeyinə pis təsir etdi. "Lokomotiv” klubu da çempion olmaq üçün Super liqa başlamamışdan əvvəl hazırlıq görmüşdü. Bundan başqa komanda ilk dəfə olaraq Çempionlar Liqasında iştirak etmək hüququ qazanmışdı. Bu komanda üçün ikiqat məsuliyyət idi. Həm ölkə çempionatında, həm də ÇL-də mübarizə aparmaq yeni yaranmış komanda üçün bir qədər çətin idi. Bu çətinliyə baxmayaraq komanda ötən mövsüm yaxşı təsir bağışladı. Belə ki, "Lokomotiv” ilk dəfə çıxış etməsinə baxmayaraq Çl-nin qrup mərhələsində inamlı təsir bağışlayaraq qrup lideri kimi növbəti mərhələyə yüksəldi. Püşkatma mərasimi isə komandamız üçün düşərli olmadı. Belə ki, püşkatmanın nəticəsinə əsasən komanda digər bir təmsilçimiz olan "Azərreyl”lə üz-üzə gəldi. Burada isə güclü olan tərəf "Azərreyl” oldu. ÇL-də çıxışını bitirdikdən sonra komanda bütün gücünü ölkə çempionatına sərf etdi. Çempionatın oyunları get-gedə yekunlaşdıqca mübarizə gərginləşirdi. Hətta "İqtisadçı” komandası turnir cədvəlinin birinci pilləsində qərarlaşmış "Rabitə” ilə aralarındakı xal fərqini azaldaraq çempionata bir qədər də maraq qatdı. Lakin onların bundan artığına gücü çatmadı. Super liqanın sonuna 3 tur qalmış isə "Rabitə” çempion oldu. Çempion bəlli olsa da, birinci və ikinci yerlərin sahibi son turda bilindi. Belə ki, çempionatın son turunda əvvəlcə "Telekom” komandası "Lokomotiv Biləcəri” komandasını qəbul etdi. Bu oyunda "Telekom” komandasının qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. Meydan sahibləri də sonuncu turda onlara bəslənilən ümidləri doğrultdu. Çempionat başlayandan zəif təsir bağışlayan "Lokomotiv Biləcəri”nin qələbə qazanmaq istəyi bu dəfə də reallaşmadı. Məlumat üçün bildirək ki, bu komandalar arasında təşkil olunan birinci oyunda sevinən tərəf "Telekom” komandası olmuşdu. Onlar rəqiblərini hər üç hissədə məğlub edərək 3 xal qazanmışdılar. İkinci görüşdə bu hesabla "Telekom”un xeyrinə yekunlaşmışdı. Üçüncü oyunda isə "Lokomotiv Biləcəri” bu komandanı məğlub edərək 3 xala sahib çıxmışdı. Sonuncu görüşdə isə "Telekom” komandası qalib gəldi. İkinci oyunda isə daha maraqlı görüşün keçəcəyi əvvəlcədən gözlənilirdi. Çünki burada çempionatın iki güclü komandası "Lokomotiv”lə "İqtisadçı” komandaları üz-üzə gəlirdi. Məlumat üçün bildirək ki, "İqtisadçı” klubu bu oyunda qalib gələcəyi təqdirdə çempionatın gümüş medallarına sahib çıxa bilərdi. Bir şərtlə ki, onlar bu oyunda qalib gəlib, "Azərreyl”in məğlub olmasına sevinməli idilər. Xatırladaq ki, bu komandalar arasında təşkil olunan birinci və ikinci görüşdə sevinən tərəf universitet klubu olmuşdu. Üçüncü oyunda isə "dəmiryolçular” qələbəni bayram etmişdilər. Budəfəki qarşılaşmada isə hansı komandanın qalib gələcəyi hamıda maraq doğururdu. Birinci hissə Cüzeppe Kuçarinin komandasının qələbəsi ilə yekunlaşdı. Bu onların hissə ərzində qazandığı son qələbə oldu. Ardıcıl olaraq növbəti hissələrdə rəqibini məğlubiyyətə uğradan "tələbələr” medala bir qədər də yaxınlaşdı. Çempionatın son oyununda isə "Rabitə” ilə "Azərreyl” üz-üzə gəldi. "Rabitə” vaxtından əvvəl çempion olduğu üçün bu oyunda xal daha çox "Azərreyl”ə lazım idi. Çünki, "dəmiryolçular” qalib gələcəyi təqdirdə ikinci yeri özü üçün təmin etmiş olacaqdı. Məlumat üçün bildirək ki, bu komandalar arasında təşkil edilən birinci oyunda "rabitəçilər” qələbə əldə etmişdilər. "Rabitəçilər” müvafiq olaraq ikinci və üçüncü görüşdə də rəqibini məğlub etmişdi. Çempionatın sonuncu oyununa gəldikdə isə "rabitəçilər” yenə rəqibinə heç bir şans vermədi.


Onlar birinci hissədə rəqibini 6 top fərqi ilə məğlubiyyətə uğratdılar. Xala-xal prinsipi ilə keçən ikinci hissəninin sonunda sevinən tərəf yenə "Rabitə” oldu. Üçüncü hissədə isə qarşılaşmanın taleyinə aydınlıq gəldi. Bu hissədə də rəqibindən üstün oyun nümayiş etdirən "Rabitə” ardıcıl olaraq 6-cı dəfə ölkə çempionu tituluna yiyələndi. Eyni xala malik olan "İqtisadçı” və "Azərreyl” komandaları isə hissələrin və topların fərqinə görə müvafiq olaraq ikinci və üçüncü yerləri tutdular.
Komandalarımızın ötən mövsüm çıxışları ilə bağlı daha ətraflı məlumat almaq üçün federasiyanın vitse-prezidenti Vaqif Əliyevlə görüşdük. Vaqif müəllim bizi maraqlandıran sualları cavablandırdı.

- Vaqif müəllim, ötən mövsüm ölkə çempionatında mübarizə aparan komandalarımız hansı uğurları ilə yadda qaldı?
- Əvvəllər iki və yaxud üç komandamız avrokuboklarda ölkəmzi təmsil edirdisə, ötən il 5 klubumuz bu yarışlarda qalib olmaq üçün mübarizəyə qoşuldu. Çempionlar Liqasında ölkəmiz 3 komanda ilə təmsil olundu. Bunlardan "Rabitə” və "Lokomotiv” qrup mərhləsində yüksək oyun nümayiş etdirərək, birinci yeri tutdu. Digər təmsilçimiz "Azərreyl” isə qrup mərhləsində ikinci yeri tutaraq növbəti mərhələyə yüksəldi. I pley-off mərhələsində isə isə bəxt bizdən üz döndərdi. Püşkatmanın nəticəsinə əsasən komandalarımızdan ikisi bu mərhələdə bir-biri ilə qarşılaşmalı oldu. Bu mərhələdə isə "Azərreyl”, "Lokomotiv” komandasına qarşı keçirdiyi hər iki görüşdən qalib ayrılaraq növbəti mərhləyə yüksəldi. "Rabitə”də bu mərhələdə qalib gələrək, adını növbəti mərhələyə yazdırdı. Çox təəssüf ki, "Azərreyl” bu uğuru sonadək davam etdirə bilmədi. Komanda İtaliya çempionu "Yamamay” klubuna məğlub olaraq mübarizəni vaxtından əvvəl dayandırmalı oldu. "Rabitə” isə qalib gələrək "dördlər finalı”na vəsiqə qazandı. CEV kubokunda ölkəmizin idman şərəfini "Bakı-Azəryol” və "İqtisadçı” komandaları qorudular. Lakin hər iki təmsilçimiz məğlub olaraq yarışla erkən vidalaşmalı oldu. Bu məğlubiyyətə baxmayaraq, hər iki komandamızın çıxışını uğurlu saymaq olar. Klublarımızla bərabər milli komandamızın da çıxışını yüksək qiymətləndirirəm. Belə ki, qadınlardan ibarət milli komandamız bu il keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin bütün oyunlarında tam üstünlüklə qalib gələrək birbaşa qitə çempionatına vəsiqə qazandı. Ümumiyyətlə, biz əlimizdən gələni edirik ki, qadınlardan ibarət yığmamız Avropa çempionatında uğurla çıxış etsin və vətənə medalla qayıtsın.

- Yeri gəlmişkən, qadın voleybolçularımız bu il keçiriləcək Avropa çempionatında sizcə hansı nəticəni göstərəcək?
- Çalışacağıq ki, qadın voleybolçularımız qitə çempionatında birinci və yaxud ikinci yeri tutmaqla yanaşı, həm də dünya çempionatına birbaşa vəsiqə qazana bilsinlər. Düzdür, qadın voleybolunda da bəzi çatışmazlıqlarımız var. Belə ki, yığma komandanın əsas üzvləri Polina Rəhimova, Oksana Parxomenko aldıqları zədə üzündən bir ildir qüvvələrini sınaya bilmirlər. Onların bir il oyunlardan kənarda qalması, düzü, bizi narahat edir.
İki əsas oyunçunun bir il mübarizə aparmaması bizə çətinlik yarada bilər. Oksana Parxomenko zədəsini sağaltsa da, yenidən zədələnib. Həkimlərin rəyinə əsasən o ən azı 3 ay mübarizə apara bilməyəcək. Bu isə o deməkdir ki, Oksana qitə çempionatının final mərhələsində komandamıza köməklik edə bilməyəcək. Buna baxmayaraq, ümid edirik ki, qızlarımız onlara bəslənilən ümidləri doğrulda biləcəklər.

- Vaqif müəllim Super liqada bu il hər hansı bir dəyişiklik olacaqmı?
- Əlbəttə. Əgər ötən mövsüm Super liqada 7 komanda mübarizə aparırdısa bu il komandaların sayı 6-ya enib. Belə ki, "Lokomotiv-Biləcəri” klubu yeni mövsümdən etibarən liqada qüvvəsini sınamayacaq. Ola bilsin ki, çempionatın keçirilmə qaydasında dəyişikliklər olsun. Klub rəhbərlikləri ilə də razılığa gəldikdən sonra bu barədə yekun qərar verəcəyik. Bundan başqa ölkə çempionatının başlanma vaxtı da uzadıla bilər. Çünki, gələn ay bildiyiniz kimi, Avropa çempionatının final mərhələsi keçiriləcək.

- Sizcə, bu il ölkə çempionatında mübarizə hansı komandalar arasında gedəcək?
- Super liqada "Rabitə”, "Azəryol” və "İqtisadçı” komandaları arasında güclü rəqabət gedəcək. "Lokomotiv” komandası da bu il inamlı çıxışı ilə yadda qalacaq. Çünki "dəmiryolçuların” əvəzedici komandası çıxışını dayandırdığından klub rəhbərliyi bu mövsüm bütün gücünü əsas komandaya yönəldib.

- Ölkə çempionatında ədaləti qoruyan hakimlərimiz haqqında nə deyə bilərsiniz?
- Hakimlərimizin oyunları idarə etməsindən razıyam.
Super liqada hazırda dörd beynəlxalq dərəcəli hakim ədaləti qoruyur. 10-a yaxın respublika dərəcəli hakimimiz var. Beynəlxalq dərəcəli hakimlərimiz beynəlxalq yarışlara dəvət olunurlar. Hətta mən deyərdim ki, onlar çətin oyunlara da dəvət alırlar. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və Hakimlər Kollegiyasının sədri kimi, Avropa Voleybol Konfederasiyasının (CEV) hakimlər kollegiyasından ədalət təmsilçilərimiz barədə müsbət fikirlərdən başqa heç bir başqa fikir eşitməmişəm. Elə hakimlərimiz var ki, onlar CEV tərəfindən bəzi ölkələrə nümunə kimi göstərilir.

- Uşaq və yeniyetmə voleybolunun inkişaf etdirilməsi üçün federasiya tərəfindən hansı işlər görülür?
- Düzü, yeniyetmə və gənc voleybolçuların əldə etdikləri nəticələr bizi qane etmir. Federasiya prezidenti Ziya Məmmədov da bu çatışmazlıqların aradan qaldırılması üçün öz tapşırığını verib. Ümumiyyətlə, bizdə müəyyən yaş qrupları üzrə milli komandalar var. Onlar ölkədaxili yarışlar zamanı istər texniki, istərsə də, taktiki cəhətdən özlərini göstərə bilirlər. Lakin beynəlxalq yarışlara gəldikdə isə, biz onlardan gözlədiyimiz nəticəni ala bilmirik. Artıq biz onların qarşısına böyük öhdəliklər qoymuşuq. Ümid edirik ki, yeniyetmə və gənc voleybolçularımız da onlara bəslənilən ümidləri doğruldacaqlar. Qeyd etmək istəyirəm ki, uşaq, yeniyetmə voleybolunun inkişaf etdirilməsi üçün növbəti ildən ölkəmizdə müəyyən yarışların keçirilməsi də nəzərdə tutulur.

- Etiraf etmək lazımdır ki, ötən il olduğu kimi bu il də ölkə çempionatında qüvvələrini sınayan komandalarımızda əcnəbi voleybolçular üstünlük təşkil edir...
- Doğru qeyd etdiniz ki, Super liqada çıxış edən komandaların çoxunda əcnəbi voleybolçular üstünlük təşkil edirlər. Bu, ölkə çempionatında legioner limitinin olmaması ilə bağlıdır. Voleybolçularımızın dünyanın ən güclü yığmalarının heyətində çıxış edən oyunçularla bir komandada oynaması bir növ onların təcrübəsinin artmasına kömək edir. Onlar arasında rəqabəti artırır.

- Ölkəmizdə kişi voleybolunun inkişaf etdirilməsi istiqamətində hansı işlər görülür?
- Kişi voleybolunun ölkəmizdə qədim ənənələri var. Bir neçə il bundan əvvəl ölkə çempionatında mübarizə aparan kişi voleybolçulardan ibarət komandalarımız çox idi. Lakin indi bəzi komandalar müəyyən səbəblər üzündən fəaliyyətini dayandırıblar. Bu da kişi voleyboluna öz təsirini göstərməyə bilməz. Federasiya tərəfindən kişi voleybolunun inkişaf etdirilməsi üçün müəyyən işlər görülür. Növbəti illərdə əlmizdən gələni edəcəyik ki, kişi voleybolunda da müəyyən inkişafa nail ola bilək. Bununla bərabər, bir neçə peşəkar klubun yaradılması üçün də işlər görülür. Əgər biz bunların öhdəsindən gələ bilsək, qarşımıza qoyduğumuz məqsədə müəyyən qədər nail ola biləcəyik.

- Yeri gəlmişkən qeyd edək ki, bu il kişi voleybolçulardan ibarət komandamız dünya çempionatının seçmə mərhələsində mübarizə apardı. Lakin yığmamız onlara bəslənilən ümidləri doğrulda bilmədi...
- Hazırda millimizin əsas hissəsi, demək olar ki, gənclərdən ibarətdir. Ümid edirik ki, komandamız gələcəkdə öz oyunları ilə onlara bəslənilən ümidləri doğrulda biləcəklər.


- Vaqif müəllim, bildiyiniz kimi, ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına voleybol da daxil edilib. Bu barədə sizin fikirlərinizi bilmək maraqlı olardı.
- Bildiyiniz kimi, Avropa Oyunları ilk dəfə təşkil olunacaq. Sözsüz ki, voleybolun bu proqrama daxil edilməsi bizi çox sevindirir. Daha bir sevindirici məqam ondan ibarətdir ki, Avropa Oyunlarında çimərlik voleybolu da yer alıb. Buna görə bizim federasiyanın üzərinə çox böyük iş düşür. Çalışacağıq ki, Avropa Oyunlarına ciddi hazırlaşaq və paytaxtımızın ev sahibliyi edəcəyi bu möhtəşəm yarışda uğurla çıxış edək.

- Vaqif müəllim, yeri gəlmişkən hazırda ölkəmizdə çimərlik voleybolu üzrə Azərbaycan çempionatı keçirilir. İstərdik ki, bu barədə məlumat verəsiniz?
- Qeyd etmək istəyirəm ki, bu idman növünün də ölkəmizdə inkişafı üçün federasiya rəhbərliyi tərəfindən müəyyən işlər görülür. Bu kimi yarışların keçirilməsi məhz çimərlik voleybolunun ölkəmizdə inkişafına təkan verir. İnanırıq ki, bu yarışlarda qüvvələrini sınayan voleybolçularımız gələcəkdə ölkəmizin idman şərəfini beynəlxalq arenalarda layiqincə qoruyacaqlar.

- Ölkə çempionatını izləyənlər arasında rəsmi qonaqların olacağı gözlənilirmi?
- Əlbəttə. Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer və vitse-prezidenti Yan Xronik Azərbaycana səfərə gələcəklər. Qurum rəhbərləri paytaxtımızda bir sıra rəsmi görüşlər keçirəcək. Eyni zamanda Azərbaycan Voleybol Federasiyası, Milli Olimpiya Komitəsi və Gənclər, İdman Nazirliyi ilə Avropa Oyunları - 2015-ə dair bir sıra mühüm suallar da müzakirə olunacaq. Onlar həmçinin çempionatın oyunlarına da tamaşa edəcəklər.