Uğurları ilə fərqlənən idman məktəbi

Uğurları ilə fərqlənən idman məktəbi

Uşaq və yeniyetmələrin fiziki tərbiyəsində, onların ayrı-ayrı idman növlərinin sirlərinə dərindən yiyələnməsində ölkəmizdə fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin rolu böyükdür. Ayrı-ayrı idman növləri üzrə böyük nailiyyətlər əldə edən idmançılarımızın əksəriyyəti məhz belə idman məktəblərində yetişiblər. Bakının Abşeron rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbi qabaqcıl idman ocaqlarından biridir.
Ötən illər ərzində idman məktəbində çoxsaylı istedadlı idmançılar yetişib. Xatırladaq ki, 2012-ci ildə məktəb 40 illiyini qeyd edib. İdman ocağının təmsilçiləri 40 illiyi müxtəlif mötəbər yarışlarda qazandıqları yüksək nəticələrlə qeyd ediblər. Keçən il idman ocağı Təhsil Nazirliyinin seçiminə əsasən, ötən ilin ən yaxşı idman məktəbi adına layiq görülüb. Məktəbin yetirməsi Ruslan Surxayev isə ən yaxşı idmançı adını qazanıb. Məktəb 2011-ci ildə də ilin ən yaxşı məktəbi nominasiyası üzrə qalib olub. Abşeron UGİM-in təcrübəli məşqçisi Qırxlar Bədəlov 2012-ci ildə əməkdar məşqçi adını alıb. Ötən il idman ocağının yetirmələrindən Türkan Nəsirova, Cahid Həsənzadə, Ruslan Surxayev və Pərviz İbrahimov idman ustası normasını yerinə yetirib. Bundan başqa, Abşeron UGİM-in 4 güləşçisi yüksək nailiyyətlərinə görə, imtahansız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (ADBTİA) qəbul olub.
İdman ocağında sərbəst güləş, qadın güləşi və futbol bölmələri fəaliyyət göstərir. Burada 46 (36 güləş, 8 futbol) qrupda 444 uşaq idmanın sirlərinə yiyələnir.
Uşaqların fiziki tərbiyəsi ilə 26 məşqçi-müəllim məşğul olur.
Uşaq-Gənclər İdman Məktəbinin iki güləş zalı, bir futbol meydançası, trenajor və saunası var. Bir sözlə, məktəbdə idmanla məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.
Burada məşğul olan uşaq və yeniyetmələrin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi və onların milli ruhda tərbiyə olunması məqsədilə bir sıra tədbirlər planı həyata keçirilir. Məktəbdə dövlət nişanı, və dövlət atributlarını əks etdirən stendlər asılıb.
Abşeron UGİM-in direktoru, Azərbaycan Güləş Federasiyasının 2 saylı nümayəndəliyinin sərbəst güləş üzrə baş məşqçisi Mais Məsimov bildirdi ki, rayonda idmanın inkişafına xüsusi qayğı ilə yanaşılır. Bu da təmsilçilərimizin müxtəlif yarışlarda uğurlu çıxışına zəmin yaradır: "Abşeron rayonunda uşaq və gənclərin idmanla məşğul olması üçün idman klubları, məktəblər fəaliyyət göstərir. İdmana həvəsi olan hər bir kəs burada maraq göstərdiyi idman növü ilə məşğul ola bilər. Yetirmələrimiz də onlara bəslənilən ümidləri doğruldurlar. Beynəlxalq arenalarda ölkəmizin bayrağını yüksəklərə qaldırırlar. İdman ocağının yetirmələri istər ölkədaxili, istərsə də beynəlxalq arenalarda keçirilən yarışlarda ciddi rəqibə çevriliblər. Ötən illərdə yüksək nəticələr göstərən idmançılarımız 2012-ci ildə də uğurları ilə fərqləndilər. Qeyd edim ki, ötən il məktəbimizin 40 illiyi oldu. Təmsilçilərimiz uğurlu çıxışları ilə idman ocağına öz hədiyyələrini verdilər. Güləşçilərimizin uğurları bizi çox sevindirir. Çünki biz bu nəticələrimizlə Azərbaycan güləşinə öz töhfəmizi veririk. Fürsətdən istifadə edib bizə göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Güləş Federasiyasına minnətdarlığımızı bildiririk”.
Məktəbin yetirmələrinin bir neçəsi hazırda böyüklərdən ibarət mili komandanın heyətindədir. İdman ocağının güləşçilərindən 8-i gənclər, 5-i yeniyetmələr, 2-si isə məktəblilərdən ibarət yığma komandanın üzvüdürlər.
Abşeron UGİM ənənəvi olaraq, əlamətdar günlər və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş yarışların təşkilində yaxından iştirak edir. Məktəbin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı yarış keçirilib. Burada yüzlərlə yeniyetmə qalib adı uğrunda gücünü sınayıb.

İdman ocağının güləşçiləri ölkədaxili yarışlarda öndədirlər

Ötən illər ərzində idman ocağının yetirmələri müxtəlif səviyyəli respublika və beynəlxalq yarşlarda iştirak edərək, yüksək nailiyyətlər qazanıblar. Abşeron UGİM-in yetirmələri 2012-ci ildə də iştirak etdikləri yarışlarda onlara göstərilən etimadı doğruldublar. Ötən ilin yanvar ayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə beynəlxalq turnirdə idman ocağının yetirmələri 2 qızıl və 1 gümüş medala sahib çıxıblar. Mart ayında yeniyetmə qızlar arasında keçirilən ölkə birinciliyində məktəbin 4 idmançısı 2 gümüş və 2 bürünc medal qazanıb. Həmin ay gənclər arasında təşkil olunan respublika birinciliyində isə Abşeron UGİM-in yetirmələri 2 qızıl və 3 bürünc medal əldə ediblər. Yeniyetmələrin ölkə birinciliyində Ruslan Surxayev, Arif Hüseynov və Cahid Həsənzadə qızıl, Ruslan Aslanov isə bürünc medala sahib çıxıb. Aprel ayında yeniyetmələrin IV respublika oyunları proqramına daxil olan zona birinciliyində 1998-1999-cu illər təvəllüdlü idmançılar arasında idman ocağının təmsilçiləri 2 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər. Yeniyetmələrin IV respublika oyunları proqramına daxil olan sərbəst güləş yarışının final mərhələsində Aqil Feyzullayev gümüş, Ağamirzə Mustafayev bürünc medala layiq görülüb. Bakıda keçirilən yeniyetmələrin V respublika oyunları proqramına daxil olan sərbəst güləş üzrə zona birinciliyində (1999-2000) 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə olunub. 1996-1997-ci illər təvəllüdlü yeniyetmələr arasında təşkil olunan respublika turniri keçirilib. Bu turnirdə məktəbin yetirmələri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Dekabr ayında Tovuz şəhərində keçirilən sərbəst güləş üzrə respublika birinciliyində Rəşad Yusifli qızıl, Mirqasım Qasımov isə bürünc medala sahib çıxıb.
Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə respublika turnirində 6 qızıl, 3 gümüş və 3 bürünc medal əldə olunub. Məktəbin xanım güləşçiləri isə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Oktyabr ayında Bakıda təşkil olunan "Hünər” meydanında Ruslan Qasımov fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Orxan Şərifov isə ikinci nəticəni göstərib. Həmin ay sərbəst güləş üzrə respublika turnirinin zona birinciliyində Abşeron UGİM-in təmsilçiləri 6 qızıl, 3 gümüş və 3 bürünc medala sahib çıxıblar. Ötən ili ugurla yola salan Abşeron idmançıları bu il də yüksək nəticələri ilə fərqləniblər. Gənclərin ölkə birinciliyində UGIM-in təmsilçiləri 3 qızıl, 1 bürünc medala sahib çıxıblar. Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda beynəlxalq turnirdə 2 (1 qızıl, 1 bürünc) medal qazanılıb.


Beynəlxalq yarışlar, yüksək nəticələr

Abşeron UGİM-in güləşçiləri ölkədaxili yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də uğurlu çıxışları ilə yadda qalıblar. Ötən il yanvar ayının sonunda Ukraynada təşkil olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə Ənvər Cəfərov üçüncü yeri tutub. Bu ölkədə sərbəst güləş üzrə təşkil olunan beynəlxalq turnirdə isə Sahilə Ələkbərova qızıl medala sahib çıxıb. Rusiyada keçirilən beynəlxalq turnirdə Roman Bəkirov (sərbəst güləş) üçüncü olub. Fevral ayında sərbəst güləş üzrə keçirilən beynəlxalq yarışda Yaşar Əliyev və Hacı Əliyev üçüncü olub. İdman məktəbinin yetirmələri Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda keçirilən yarışda 1 qızıl və 1 bürünc medal qazanıblar. Mayın 12-13-də Bakıda keçirilən Dünya kubokunda məktəbin yetirməsi Hacı Əliyev fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. İyun ayında Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında təşkil olunan Avropa birinciliyində Pərviz Axundov bürünc medal qazanıb. İyul ayında Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən MDB ölkələri hərbçilərinin çempionatında Roman Bəkirov bütün rəqiblərindən üstün olub. İdman ocağının 3 idmançısı - Ruslan Surxayev, Cahid Həsənzadə və Sahilə Ələkbərova Polşada yeniyetmələr arasında keçirilən Avropa birinciliyində müvafiq olaraq, qızıl, gümüş və bürünc medal qazanıblar. Yeniyetmələr arasında paytaxtımızda təşkil olunan dünya birinciliyində Cahid Həsənzadə qızıl medala sahib çıxıb. Ruslan Surxayev və Türkan Nəsirova gümüş medal qazanıb. Sentyabr ayında Tailandda gənclər arasında təşkil olunan dünya birinciliyində Ruslan Surxayev ikinci yeri tutub.
İdman məktəbinin təmsilçiləri Türkiyə, Almaniya, Rusiya, Gürcüstanda təşkil olunan müxtəlif yarışlarda mükafatalayiq yerlər tutublar. Ümumiyyətlə, Abşeron UGİM-in yetirmələri sərbəst güləş və yunan-Roma güləşi üzrə müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq yarışlarda mükafatalayiq yerlər tutublar.
Abşeron rayonunun yaradılmasının 50-illiyinə həsr edilmiş yunan-Roma güləşi üzrə respublika turnirində məktəbin idmançıları 1 qızıl, 6 gümüş və 4 bürünc medala sahib çıxıblar. Sərbəst güləş yarışlarında isə 5 qızıl, 2 gümüş və 2 bürünc medal qazanılıb.
Bu ilin fevralında Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə məktəbin yetirmələri 2 burunc medal əldə ediblər. Avropa çempionatında Yaşar Əliyev üçüncü olub. İranda keçirilən beynəlxalq turnirdə isə Roman Bəkirov bürünc medala sahib çıxıb. İdman ocağının xanım güləşçisi Terkan Nəsirova Ankara turnirində üçüncü yerlə kifayətlənib. Dağıstanda təşkil olunan yarışda Hacı Əliyev qızıl medala sahib çıxıb. Arif Hüseynov isə yeniyetmələr arasında ikinci olub. Sahilə Ələkbərova Türkiyədə təşkil olunan yarışda üçüncü olub. Yeniyetmələrin Avropa birinciliyində Terkan Nəsirova bürünc medala sahib çıxıb. Gənclər arasında keçirilən Avropa çempionatında Ruslan Surxayev qızıl, Ruslan Qasımov isə gümüş medala sahib çıxıb. İyul ayında Kazanda təşkil olunan Tələbələrin ümumdünya Universiadasında Hacı Əliyev üçüncü yerlə kifayətlənib. Qarşıda Abşeron idmançılarını bir sıra yarışlar gözləyir. Onlar yarışlara ciddi hazırlaşırlar. İdmançıların bir neçəsi yığma komandanın heyətində Qubada təlim-məşq toplanışındadırlar. İnanırıq ki, məktəbin yetirmələri onlra bəslənilən etimadı bundan sonra da dogruldacaqlar.
Qeyd edək ki, Abşeron UGİM-in futbolçuları da yarışlarda iştirak edir, onlara göstərilən etimadı doğrultmağa çalışırlar. "Təhsil” Respublika İdman Mərkəzinin futbol üzrə açıq respublika birinciliyində rayonun futbol komandası ikinci yeri tutub.
Aysel Sultanova