Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə gənclərin dünya çempionatı davam edir. Avqustun 15-16-da çempionatda qadın güləşçilərimiz mübarizəyə qoşulublar. Belə ki, yarışın üçüncü günündə 44 kq, 51 kq, 59 kq və 67 kq çəkidə gənc qızlar qüvvəsini sınayıblar. Komandamızın 2 üzvü Şəfəq Muradzadə (44 kq) və Patimat Baqomedova (51 kq) döşək üzərinə çıxıb. Təəssüf ki, təmsilçilərimizin heç biri mükafatçılar sırasına düşə bilməyib. Çempionatın dördüncü günündə isə 48 kq, 55 kq, 63 kq və 72 kq çəki dərəcələrində idmançılar yarışıblar.
Mübarizəyə 1/16 finaldan başlayan Kəmalə Əliyeva (48 kq) ilk görüşdə koreyalı Ju Yong Çeoya tam üstünlüklə qalib gəlib -8:0. Növbəti mərhələdə qadın pəhləvanımız ABŞ idmançısı ilə qarşılaşıb. Təəssüf ki, güləşçimiz ABŞ təmsilçisi Cody Mae Pfau ilə görüşdən məğlub ayrılıb.
Digər idmançımız Almaz İsmayılova (55 kq) isə 1/8 finaldan mübarizəyə başlayacaq. Güləşçimizin ilk görüşdə rəqibi çinli Mengyu Xie olacaq. 1/8 finaldan mübarizəyə başlayan Raqnetta Qurbanzadə (63 kq) isə rumıniyalı Laura Yelena Gavriliuci ilə qarşılaşacaq. 72 kq çəki dərəsində mübarizəyə qoşulan Səbirə Əliyevanın 1/8 finalda ilk rəqibi macarıstanlı idmançı Zsanet Nemetha olacaq.
Xatırladaq ki, Sofiyada keçirilən dünya çempionatında yunan-Roma güləşçlərimiz 1 gümüş və 3 bürünc medal qazanaraq yarışı ikinci pillədə başa vurublar.