Gəncədə Vətən müharibəsinin iştirakçısı ilə görüş keçirilib

Gəncədə Vətən müharibəsinin iştirakçısı ilə görüş keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov idman ictimaiyyətinin fəalları ilə birlikdə ikinci Qarabağ müharibəsi qazisi Cavad Nəhmədovu ziyarət edib. Baş İdarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin Cüdo idman növü üzrə baş məşqçi-müəllimi olan C.Nəhmədov Vətən Müharibəsində qəhrəmancasına döyüş yolu keçib və öz evinə ikinci Qarabağ müharibəsi qazisi kimi qayıdıb. Görüş zamanı cüdoçu C.Nəhmədov keçdiyi şanlı döyüş yolu barədə ziyarətə gələnlərə ətraflı danışaraq, müzəffər ordumuzun tərkibində Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarında ruh yüksəkliyi ilə mübarizə apardıqlarını qeyd edib. Baş İdarə rəisi H.Nəsirov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun parlaq qələbə çalmasının bariz nümunəsi olaraq dekabrın 10-da keçirilmiş Zəfər paradının bütün dünyaya səs salmasından danışıb. Baş İdarə rəisi və qonaqlar Cavad kimi qeyrətli, vətənpərvər oğulları yetişdirərək Azərbaycanın ərazi bütövlüyünü layiqincə qorunması işində böyük rolu olan valideynlərinə minnətdarlıqlarını bildiriblər.