İdmançı-döyüşçü, qazi Vidadi Xaliqov “Vətən uğrunda” fəxri medalı ilə mükafatlandırılıb

İdmançı-döyüşçü, qazi Vidadi Xaliqov “Vətən uğrunda” fəxri medalı ilə mükafatlandırılıb

Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvü olmuş, Azərbaycan çempionu, Dünya kubokunun qalibi (Dünya Karate Federasiyası, WKF), Dünya üçüncüsü və Avropa çempionu (Dünya Şotokan Federasiyası, WSF) və müxtəlif beynəlxalq turnirlərin qalib və mükafatçısı, Vətən müharibəsi qazisi Vidadi Xalıqov Ali Baş

Komandan, Cənab Prezident İlham Əliyevin 15 Dekabrda imzaladığı sərəncamla "Vətən uğrunda" fəxri medalı ilə təltif edilib.

Beynəlxalq hakim və əməkdar məşqçi, bir neçə tanınmış idmançılar yetişdirən Rənad Əliyevin tələbəsi V.Xalıqov Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdən sonra Laçın rayonunun Giləbird kəndi uğrunda döyüşlərdə topuq və bud nahiyəsindən yaralanıb. Ayağında 15 qəlpə qalsa da, hazırda səhhətində ciddi problemlər olmayan idmançı-döyüşçü xidmətini davam etdirmək üçün hərbi hissəyə yollanmağa hazırlaşır. Qeyd edək ki, məşqçi R.Əliyevin yetirmələrindən aşağı yaşlı milli komandaların üzvləri qazi Xəyal İmanov (boğazından yaralanıb), Şahin Əsədov, Balaş Babayev və Əli Həsənov da müxtəlif istiqmətlərdə Vətən müharibəsində iştirak ediblər.

Azərbaycan Milli Karate Federasiyasının heyəti Vətən müharibəsi qazisi Vidadi Xalıqovu və şəxsi məşqçisi Rənad Əliyevi bu fəxri mükafat münasibətilə təbrik edir, döyüşçümüzə sağlamlıq və daha yüksək ruhda vətənə xidmət etməyi arzulayır!

Federasiya kollektivi Vətən müharibəsinin iştirakçıları ilə birgə torpaqlarımızı düşməndən azad edən idmançı-döyüşçülərə də göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan və ölkə rəhbəri Cənab Prezident İlham Əliyevə bir daha minnətdarlığını çatdırır!