Antidopinq qaydalarını pozan federasiyalar diskvalifikasiya olunacaq

Antidopinq qaydalarını pozan federasiyalar diskvalifikasiya olunacaq

Antidopinq qayda pozuntularına yeni öhdəliklər və anlayışlar əlavə edilib. Bu fikirləri (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. AMADA rəsmisi bildirib ki, bunlar milli səviyyəli idmançı, prioritet hesab edilən idman növləri və milli əhəmiyyətli yarışlardır.
12 ay ərzində milli səviyyədə 6, beynəlxalq səviyyədə 3-dən çox qayda pozuntusu törədilirsə, həmin federasiya 1 ilədək diskvalifikasiya edilə bilər.
Ş.Hüseynlinin sözlərinə görə, 2021-ci ildən yeni qaydalar qüvvəyə minəcək: "Federasiyalar üzərinə düşən öhdəliyi yerinə yetirməsələr, sanksiyalar olacaq. Federasiya idmançıların siyahısını, yarış və məkan məlumatlarını AMADA-ya təqdim etməlidir".

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın daha 3 idmançısının nəticəsi ləğv olunub. Bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli ilin yekunlarına dair onlayn mətbuat konfransında açıqlayıb. O, bildirib ki, bundan əvvəl 6 idman növü üzrə 12 idmançının nəticələri ləğv olunmuşdu. Son olaraq bu siyahıya daha 3 idmançı əlavə olunub.