Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatı başa çatıb.
Yarışların üçüncü günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz turniri iki medalla başa vurublar. Təmsilçilərimizdən Raqnetta Qurbanzadə (63 kq) və Səbirə Əliyeva (72 kq) komandamıza bürünc medal qazandırıblar.
Çəkisi 63 kq olan qızların yarışında mübarizə aparan Raqnetta Qurbanzadə 1/8 finalda rumıniyalı idmançı Laura Yelena Gavriliucunu məğlub edib - 11:6. Növbəti mərhələdə qazaxıstanlı güləşçi Yekaterina Larionovanı üstələyən pəhləvanımız yarımfinala vəsiqə qazanıb. Lakin idmançımız yarımfinalda uğurlu çıxış edə bilməyib. Rusiyalı Svetlana Lipatova ilə görüşdə 2:3 hesabı ilə məğlub olan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici mərhələdə çinli idmançı Kuanya Mann üzərində tam üstünlüklə qələbə qazanan Reqnetta Qurbanzadə turniri bürünc medalla başa vurub.
72 kq çəki dərəcəsində yarışan Səbirə Əliyeva mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşdə macarıstanlı idmançı Zsanet Nemethi məğlub edən təmsilçimiz 1/4 finalda Serbiya güləşçisi Una Svetlana Tubadan güclü olub - 7:0. Növbəti mərhələdə Yaponiya güləşçisi Rino Abe ilə gərgin keçən qarşılaşmada məğlub olan Səbirə, bürünc medal uğrunda yarışda ukraynalı idmançı ilə qarşılaşıb. Həlledici mərhələdə Ukrayna təmsilçisi Veronika Pavlyuk üzərində təmiz qələbə qazanan (5:0) idmançımız turnirin bürünc medalına sahib olub.
Digər idmançılarımız Şəfəq Muradzadə (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq) və Almaz İsmayılova (55 kq) turniri medalsız başa vurublar.
Çempionatın beşinci günündə çəkisi 50 kq, 60 kq, 74 kq və 96 kq çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulublar. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalı 60 kq çəki dərəcəsində Əhmədnəbi Qvarzatilov qazandırıb. 1/16 finaldan mübarizəyə başlayan təmsilçimiz ilk görüşdə ermənistanlı Aşot Velitsyanı tam üstünlüklə məğlub edib - 7:0. Növbəti görüşdə İran idmançısı Farzad Kovland üzərində qələbə qazanan güləşçimiz 1/4 finala yüksəlib. Bu mərhələdə gürcüstanlı Şota Partenadzeyə də qalib gələn Əhmədnəbi Qvarzatilov yarımfinala vəsiqə qazanıb. Final yolunda ukraynalı Andrey Sivridi üstələyən (14:3) güləşçimiz həlledici mərhələdə monqolustanlı Nomin Batboldu 15:7 hesabı ilə məğlub edərək qızıl medala layiq görülüb.
Çəkisi 74 kq olan güləşçilərin yarışında Bəxtiyar İsrafilli 1/16 finaldan mübarizəyə başlayıb. İlk görüşdə moldovalı İon Vasilaçi mübarizədən kənarlaşdıran güləşçimiz növbəti görüşdə ABŞ təmsilçisi Aleksander David Dieringerlə qarşılaşıb. Gərgin keçən qarşılaşmada məğlub olan idmançımız (11:12) təsəlliverici görüşlərə qatılıb. Bürünc medal uğrunda keçirilən təsəlliverici görüşlərdə gürcü Laşa Qiqaşvili və özbək Texron Xociyevi məğlub edən təmsilçimiz həlledici görüşdə Rumıniya güləşçisi George Bodisteanu ilə qarşılaşıb. Rəqibini 8:1 hesabı ilə üstələyən Bəxtiyar dünya çempionatının bürünc mükafatına sahib olub.
Yarışların son günündə döşək üzərinə çəkisi 55 kq, 66 kq, 84 kq və 120 kq olan sərbəst güləşçilər çıxıblar. Güləşçilərimiz turniri 3 bürünc medalla başa vurublar.
1/16 finaldan mübarizəyə başlayan Hacımurad Ömərov (66 kq) ilk görüşdə Monqolustan təmsilçisi Temuujin Erdenebatdan üstün olub -7:0. Növbəti görüşdə hindistanlı Dineş Kumarla görüşdən qalib ayrılan güləşçimiz 1/4 finalda qazaxıstanlı idmançı Daniyar Kaysanovu məğlub edib. Lakin idmançımız yarımfinalda Türkiyə güləşçisi Selahattin Kılıçsallayana məğlub olub. Bürünc medal uğrunda görüşə çıxan Hacımurad bolqarıstanlı Şamil Kurakaevi məğlub edərək çempionatı üçüncü yerdə başa vurub.
84 kq çəkili pəhləvanların yarışında mübarizə aparan Məhəmməd Abdulxaliqov 1/16 finalda avstriyalı Dominik Peteri məğlub edib -7:1. Növbəti mərhələdə hindistanlı güləşçi Ajit Attarı tam üstünlüklə mübarizədən kənarlaşdıran pəhləvanımız 1/4 finalda rusiyalı Vladislav Valievlə görüşdən məğlub ayrılıb. Rəqib idmançının finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşə çıxıb. Bolqarıstan güləşçisi Miroslav Nikolaevlə görüşdə 6:0 hesabı ilə qələbə qazanan idmançımız bürünc medal uğrunda həlledici görüşə çıxıb. Yekunda Belarus idmançısı Aleksandr Huştini məğlub edən (4:1) Məhəmməd dünya çempiontının bürünc medalına sahib olub.
Komandamıza digər bürünc medalı isə 120 kq çəki dərəcəsində yarışan Əli Maqomedabirov qazandırıb. 1/8 finaldan mübarizəyə başlayan təmsilçimiz ardıcıl olaraq Bolqarıstan idmançısı Dilyaver Zaid və hindistanlı Surjet Surjeti məğlub edib. Yarımfinalda iranlı Abdullah Farzani Ghomi Avilidən üstün olan Əli Maqomedabirov bürünc medal uğrunda görüşdə koreyalı Ji Youn Kimi 7:0 məğlub edərək dünya üçüncüsü olub.
Ümumilikdə 1 qızıl və 4 bürünc medal qazanan sərbəst güləş üzrə yığmamız 49 xal toplayaraq dünya çempionatında ikinci yeri tutub. Rusiya millisi birinci, İran komandası isə üçüncü olub.
Bununla da pəhləvanlarımız Balkan səfərindən 1 qızıl, 1 gümüş və 9 bürünc olmaqla, 11 medalla qayıdıblar.
Xatırladaq ki, Sofiyada keçirilən dünya çempionatında yunan-Roma güləşçlərimiz 1 gümüş və 3 bürünc medal qazanaraq yarışı ikinci pillədə başa vurublar.