Azərbaycanda Paralimpiya hərəkatının inkişafı ilə bağlı məlumat verilib

Azərbaycanda Paralimpiya hərəkatının inkişafı ilə bağlı məlumat verilib

Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) Yaponiyanın Şika şəhər meriyasının “Mədəni mübadilə” layihəsində iştirak edib.

AMPK-dan verilən məlumata görə, layihə çərçivəsində dekabrın 22-də komitənin prezidenti İlqar Rəhimov Yaponiyanın Şika şəhərinin şagirdləri qarşısında onlayn formatda çıxış edib.

İştirakçılara komitə haqqında məlumat verən İ.Rəhimov qeyd edib ki, 1996-cı ildə iki idmançı ilə başlanılan Azərbaycan Paralimpiya

hərəkatına bu gün minlərlə idmançı qoşulub. İdmançılarımız bu günə qədər 6 Paralimpiya Oyunlarında iştirak edib, onlarla medal qazanıblar. Onlardan 7-si Paralimpiya çempionu adını qazanıb. İki nəfər ikiqat Paralimpiya çempionudur.

İ.Rəhimov bildirib ki, cari ilin fevralında komitənin ilə Şika şəhər meriyası arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, azərbaycanlı paralimpiyaçıların Tokio-2020 Paralimpiya Oyunlarına qatılması ərəfəsində Şika şəhərində hazırlıq keçmələri barədə razılıq əldə edilib. İdmançılarımız üçün yaradılan şəraitə görə, komitə prezidenti Şika şəhər meriyasına təşəkkürünü bildirib.

Şika şəhər təhsil şöbəsinin müdiri Mashima Masatake Azərbaycan və yapon xalqları arasında mədəni mübadilə proqramlarının həyata keçirilməsinin vacibliyini bildirib, əməkdaşlığı daha da inkişaf etdirmək üçün bu cür görüşlərin mütəmadi xarakter almasının əhəmiyyətini vurğulayıb.

Daha sonra Azərbaycan və Yaponiya haqqında hazırlanan videoçarxlar iştirakçılara nümayiş olunub.

Yekunda idmançılar onlara şagirdlər tərəfindən ünvanlanan suallara cavab veriblər.

Görüşdə komitənin vitse-prezidenti, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Paralimpiya çempionu Oloxan Musayev, taekvondo idman növü üzrə milli komandanın üzvü, dünya və Avropa çempionu Aynur Məmmədova iştirak ediblər.